Xəbərlər

BANM-də tələbə-gənclərin layihələrinə dəstək verilir

Bakı Ali Neft Məktəbində (BANM) Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının Gənclər Birliyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Bakı Ali Neft Məktəbinin (BANM) birgə təşkilatçılığı ilə BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 3-cü kurs tələbəsi Pakizə Paşayevanın “I can or I must” (“Mən bacara bilərəm və ya mən etməliyəm”) adlı layihəsinin yekununa həsr olunmuş tədbir keçirildi. Tədbirdə Azərbaycan Respublikası Prezidentı yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Azərbaycan Respublikası Milli Məclisinin İnformasiya resursları və texnologiyaları şöbəsinin müdir müavini Yaşar Əməşov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, BANM-in rəhbərliyi və layihədə iştirak edən tələbə-gənclər iştirak edirdilər.

 

Tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov iştirakçıları və qonaqları salamlayaraq Pakizə Paşayevanı təbrik etdi və bu ali təhsil ocağının qısa zamanda əldə etdiyi uğurları, görülən işlər və perspektivlər haqqında məlumat verib. Rektor BANM-in yeni kampusunun artıq hazır olduğunu və Ali Məktəbin tələbələrinin potensialının üzə çıxarılması üçün orada daha geniş imkanların yaradıldığını bildirdi. Gənc ali təhsil müəssisəsi olmasına baxmayaraq BANM-in respublikanın ali təhsil ocaqları arasında öncül və müsbət imic formalaşdıran bir ali təhsil müəssisəsi olduğunu vurğuladı. BANM-in rəhbərliyinin hər zaman öz tələbələrinin inkişafı üçün bütün layihələrə və təşəbbüslərə dəstək verdiyini dedi.  

 

Pakizə Paşayeva müəllifi olduğu layihə haqqında məlumat verərək layihənin məqsədini açıqladı. O, gənclərin hərtərəfli inkişafının təmin olunması üçün Azərbaycanda lazım olan bütün təminatların yaradılmasından söz açdı. Gənclərə dövlət səviyyəsində göstərilən qayğıdan söz açan Pakizə Paşayeva BANM-in rəhbərliyinə göstərilən dəstəyə görə təşəkkür etdi.

 

Azərbaycan Respublikası Prezidentı yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov öz çıxışında əmin olduğunu bildirdi ki, gələcəkdə BANM-in tələbələrinin bir çoxu dünyanın ən iri şirkətlərində, təşkilatlarında rəhbər mövqelərə sahib olacaqlar.

 

Azərbaycanda gənclər siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu deyən "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə BANM-in öndə gedən ali təhsil müəssisəsi olduğunu bildirərək Pakizə Paşayevanın məhz bu ali təhsil müəssisəsində təhsil almasını yüksək dəyərləndirdi.

 

Çıxışçılar ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla aparılan gənclər siyasəti, gənclərin siyasətdə rolu, o cümlədən, müasir dövrdə ingilis dilinin əhəmiyyəti haqqında söz açdılar və layihədən gözləntilərini bildirdilər. 

 

Tədbirdə iştirak edən Pakizə Paşayevanın atası Ələddin Paşayev  layihənin təqdimatının BANM-də keçirilməsindən şad olduğunu deyərək yaradılan şəraitə görə BANM-in rəhbərliyinə təşəkkürünü bildirib.

 

Sonra “I can or I must” layihəsinin qalibləri və iştrakçıları BANM və Binəqədi Rayon Gənclər və İdman idarəsi tərəfindən sertifikatla və medalla mükafatlandırıldılar.

 

Qeyd edək ki, “I can or I must” adlı layihə üç ay davam edib. Layihənin gedişatında gənclərə ingilis dilinin  daha effektiv tədrisi məqsədi ilə Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının inzibati binasında və Bakı Ali Neft Məktəbində ingilis dilində filmlər nümayiş etdirilib. Həftə ərzində 2 dəfə “conversation club”-lar təşkil edilib. Həmçinin layihə iştirakçılarının dünyagörüşünü artırmaq üçün bəzi gəzintilər də təşkil olunub. Layihə iştirakçılarına böyük dəstək Bakı Ali Neft Məktəbinin İngilis dili və humanitar fənlər mərkəzinin  baş müəllimi Asif Qocayev tərəfindən göstərilib.