Xəbərlər

Bakı Yay Neft Məktəbi layihəsi başa çatıb

Bakı Ali Neft Məktəbində (BANM) təşkil olunan “Bakı Yay Neft Məktəbi”ni uğurla başa çatdıran 8 iştirakçı, o cümlədən Almaniyanın müxtəlif nüfuzlu universitetlərindən olan 6 mütəxəssis sertifikatlarla mükafatlandırılıblar. Sertifikatları SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov və BANM-in rektoru Elmar Qasımov iştirakçılara təqdim ediblər. 

 

SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədov qonaqları salamlayaraq onları layihəni uğurla başa vurmaları münasibətilə təbrik edib. O, bu layihənin ikinci dəfə BANM-də həyata keçirilməsini xüsusi vurğulayıb.  Xalik Məmmədov alman tələbələrin bu layihədə iştirakının onların Azərbaycanın nüfuzlu ali təhsil müəssisəsi olan BANM-lə, ümumiyyətlə  Azərbaycan ilə yaxından tanışlığına imkan verdiyini bildirib. Xalik Məmmədov Azərbaycanın qonaqpərvər bir ölkə kimi qonaqların yaddaşında həmişəlik qalacağına inamını ifadə edib.

 

BANM-in rektoru Elmar Qasımov BANM-də bu layihənin reallaşmasından, o cümlədən Almaniyanın müxtəlif nüfuzlu universitetlərindən olan 6 mütəxəssisin bu layihədə iştirakından məmnunluğunu bildirib. Elmar Qasımov layihə iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Görüş zamanı yay məktəbinin iştirakçıları SOCAR-in yeni binası ilə tanış olublar.

 

Qeyd edək ki, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) “Şərqə Doğru” Proqramının çərçivəsində Bakı Ali Neft Məktəbi tərəfindən təşkil edilən “Bakı Yay Neft Məktəbi”ndə Almaniyanın müxtəlif nüfuzlu universitetlərində təhsil alan 8 mütəxəssis iştirak edib. Sentyabr ayının 14-dən 24-dək BANM-də keçirilən layihə çərçivəsində tələbələrə BANM-in professor-müəllim heyəti tərəfindən müxtəlif mövzularda dərslər keçirilib. İştirakçılar Azərbaycanı yaxından tanımaq üçün əsrarəngiz təbiəti olan Şəkiyə səyahət ediblər. Qobustan milli tarixi incəsənət muzeyi, Azərbaycan Xalça Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi ilə tanış olublar, Heydər Əliyev məscidini ziyarət ediblər. Proqram çərçivəsində tələbələr Azərbaycanın neft tarixinə daha yaxından bələd olmaq üçün Sənqaçal Neft Terminalı, palçıq vulkanları,  tarixi neft quyuları, neft muzeyinə səfər ediblər.

 

Xatırladaq ki, Bakı Ali Neft Məktəbinin yay məktəbi keçirmək üçün təklif etdiyi layihə Alman Akademik Mübadilə Xidmətinin “Şərqə Doğru” Proqramı çərçivəsində maliyyələşdirilmək üçün qəbul edilib. Layihə rəhbəri BANM-in Keyfiyyətin Təminatı Şöbəsinin əməkdaşı Aytən Şadlinskayadır.