Xəbərlər
Bakı Ali Neft Məktəbinin tələbələrinə rektorun müraciəti
|
Əziz tələbələr!
2016/2017-ci tədris ilinin 1-ci semestri ölkəmizin və Bakı Ali Neft Məktəbinin həyatında bir sıra əlamətdar hadisələrlə bağlıdır.
Sentyabr ayının 15-də biz ənənəvi “Bilik günü” qeyd etdik və 2016-cı ildə qəbul olmuş gənclərə tələbə biletlərini təqdim etdik.
Hər il ölkə ictimaiyyəti əsası 1994-cü ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə “Əsrin müqaviləsi”nin imzalanması tarixindən götürülmüş “Neftçilərin peşə bayramı”nı qeyd edir.
Sentyabrın 26-da isə Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərlə bağlı ümumxalq səsverməsi – Referendum keçiriləcək. Ölkənin əsas qanununda ediləcək dəyişikliklərlər vətəndaşların hüquq və azadlıqlarının təminatına və dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edəcək.
Oktyabrın 18-də ölkəmiz dövlət müstəqilliyimizin 25 illiyini, noyabrın 12-də “Konstitusiya Günü”nü, 17-də “Milli Dirçəliş Günü”nü, dekabrın 31-də “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nü qeyd edəcəyik.
2016/2017-ci tədris ili Bakı Ali Neft Məktəbi üçün də bir sıra əlamətdar hadisələrlə bağlı olacaq.
Noyabr ayının 29-da Bakı Ali Neft Məktəbinin yaradılmasının 5-illiyi qeyd olunacaq.
2016-cı ilin sonunda Ali Məktəbimiz Bibi-Heybət ərazisində inşası başa çatan yeni kampusa köçəcək. Bu hadisə fəaliyyətimizin bütün istiqamətlərinin inkişafına böyük təkan verəcək. 2017-ci ilin iyun ayında Bakı Ali Neft Məktəbi ilk məzunlarına diplomlar təqdim edəcək, elə həmin vaxt magistratura səviyyəsinə ilk qəbul həyata keçiriləcək.
Əziz tələbələr! Bu məlumatları diqqətinizə çatdırmaqda məqsədim yeni qəbul olmuş tələbələrimizin Ali Məktəbin həyatına sürətli inteqrasiya olunmasına istiqamət verməkdir. Yuxarı kurs tələbələri Ali Məktəbimizin tədris mühitinə və ictimai həyatına artıq alışıblar.
1-ci kurs tələbələrinə tövsiyyəm odur ki, onlarla daim ünsiyyətdə olsunlar, Ali Məktəbin daxili intizam, dərslərdə, ictimai tədbirlərdə iştirak qaydalarına riayət edilməsində onların təcrübəsindən bəhrələnsinlər.
Diqqətinizi bir vacib məsələyə cəlb etmək istəyirəm. Ali Məktəbin rəhbərliyi, professor-müəllim heyəti və Siz-tələbələr ölkə Prezidenti cənab İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” şüarının həyata keçirilməsi prosesinin bilavasitə icraçısıyıq. Sizlərə tədrisdə biliklərin mənimsənilməsi üçün SOCAR-ın dəstəyi ilə hər cür şərait yaradılıb.
Sizlərdən isə bütün dərslərdə iştirak etmək, fənlərin məzmununu dərindən mənimsəmək, istehsalat təcrübəsində nəzəri bilikləri zənginləşdirmək, Ali Məktəbin təşkil etdiyi elmi, sosial-mədəni, idman və s. xarakterli bütün tədbirlərdə iştirak etmək, Bakı Ali Neft Məktəbinin nüfuzunu daim qorumaq xahiş olunur.
Bu yolda Sizin hər birinizə uğurlar diləyirəm!
Hörmətlə,
Elmar Qasımov
Bakı Ali Neft Məktəbinin rektoru