Xəbərlər

BANM-i seçən yüksək ballı abituriyent: Atamı sevindirdiyimə görə ikiqat sevindim

Məmmədov Ömər Arzu oğlu 1999-cu ildə Bakıda anadan olub. 5-ci sinfə qədər 32 saylı orta məktəbdə, 6-cı sinifdən isə Heydər Əliyev adına liseydə təhsil alıb. 9-cu sinifdə əla qiymətlərlə oxuduğuna görə fərqlənmə ilə təltif olunub. I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 695 bal toplayan Ömər Məmmədov Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasını seçərək Ali Neft Məktəbinin tələbəsi adını daşımaq niyyətindədir. Bu, həm də onun çoxdan gözlədiyi, çatmaq istədiyi arzusudur...

 

Ömər, öncə səni təbrik edirik. Orta məktəbdə hansı fənnlərə daha çox marağın vardı?

Riyaziyyata marağım böyük olub. Bəlkə də bu mənim babamın riyaziyyat müəllimi olması ilə bağlıdır. Babam riyaziyyat müəllimi oldugu uçun məni riyaziyyat həmişə cəlb edirdi. Ümumiyyətlə, mən hər zaman müəllimlərin əhatəsində olmuşam. Nənəm də biologiya müəllimi olub. Əslində texniki fənnlərə xüsusi marağım olmasına baxmayaraq, “Tarix”i də sevirdim.

 

İmtahana necə hazırlaşırdın?

İmtahana hazırlaşdığım vaxtlarda çalışırdım ki, oxuduğum fənnləri dərindən mənimsəyim. Deyə bilmərəm ki, səhərdən-axşama qədər oxuyurdum, amma vaxtımı hazırlaşmaqla keçirirdim. Özüm üçün cədvəl də qurmamışdım, lakin məqsəd qoymuşdum ki, yüksək bal yığacağam. Hətta imtahana son bir ay qalmış bir qədər tempi azaltmışdım. İyundan başlayaraq daha çox oxudum.

 

İmtahan günü yəqin həyəcanlı idin...

Əksinə, həyəcanım yox idi. İnanirdim ki, 700 bal yığacam, amma 695 bal yığdım. Düşünürəm ki, “Azərbaycan dili”ndən bir qədər balım az oldu. Bununla belə, imtahandan çıxanda təxmini bilirdim ki, balım yuxarı olacaq. Atam mənim kodlaşdırmada səhv edə biləcəyimdən narahat idi. 695 bal topladığımı da birinci atam bildi. Həm göstərdiyim yüksək nəticəmə görə, həm də atamı sevindirdiyimə görə ikiqat sevindim.

 

Seçimin Bakı Ali Neft Məktəbidir. Niyə BANM-i seçdin?

11-ci sinifdən BANM-i seçmişdim, məhz bu ali təhsil müəssisəsinə  hazırlaşırdım. Bu mənim öz seçimimdir, BANM-i tədrsin yüksək səviyyədə olması və gələcəkdə iş imkanı üçün seçdim. Burada ballar yuxarı oldugu üçün bilik yarışında daha bilikli, savadlı yaşıdlarımla rəqabətdə olmaq istəyirəm. Digər tərəfdən, tədrisin ingilis dilində olması gələcəkdə bizə xaricdə də iş tapmaq imkanı verəcəyini düşünürəm. Mən gələcəkdə azərbaycanlı mütəxəssis kimi xaricdə çalışmaq istəyirəm.

 

Belə bir peşəkar mütəxəssis ola biləcəyinə inanırsanmı?

İnanıram ki, bu imkanı mən ancaq BANM-də qazana bilərəm. Güclü mütəxəssis olmaq istəyirəm ki, gələcəkdə xaricdə “Haralısan?” - deyəndə fəxrlə “Azərbaycanlıyam” - deyə bilim. Proseslərin avtomatlaşdırılması mühəndisliyi sahəsi üzrə Azərbaycandan olan güclü mütəxəssis kimi dünyada rolumun olmasını istəyirəm. Potensialımı tam buna həsr edəcəm.