Xəbərlər

BANM-in tələbələri Emerson şirkətində istehsalat təcrübəsində

Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 17 tələbəsi 14-29 iyul tarixlərində Emerson Process Management şirkətində yay istehsalat təcrübəsi keçirlər.

 

BANM-in rektoru Elmar Qasımov rəhbərlik etdiyi heyət ilə birgə istehsalat təcrübəsi keçən tələbələrin fəaliyyəti və onlar üçün təcrübədə yaradılan şəraitlə yerindəcə tanış olmaq məqsədilə Emerson Process Management şirkətində olub. Şirkətdə olarkən rektor şirkətin Satış üzrə meneceri, təcrübə proqramının rəhbəri, mütəxəssis Erkin İbrahimovla görüşüb. Görüşdə BANM rəhbərliyinə təcrübənin gedişatı və tələbələrin fəaliyyəti haqqında geniş məlumat verilib. Tələbələrlə səmimi ünsiyyət quran rektor SOCAR tərəfindən onlar üçün yaradılan şəraitdən səmərəli istifadə etməyə və təcrübədə verilən tapşırıqlara məsuliyyətlə yanaşmağa çağırıb. Sonda o, Emerson Process Management şirkətinin rəhbərliyinə BANM tələbələrinin şirkətdə təcrübə keçməsi üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib.

 

Qeyd edək ki, təcrübə zamanı tələbələr Emerson Process Management şirkəti tərəfindən istehsal olunan qurğular və istifadə olunan idarəetmə sisteminin iş prinsipi və xüsusiyyətləri ilə yaxından tanış olurlar. Bu müddət ərzində tələbələr müxtəlif texnoloji prosesslərdə istifadə olunan təzyiq, temperatur, sərfiyyat və səviyyə ölçmə cihazların və idarəetmə sistemlərinin əsas iş prinsiplərini, həmçinin idarəedici klapanlarının müxtəlif proqram vasitəsilə hesablanması və seçilməsini öyrənirlər.  Təcrübə tələbələrin il boyu auditoriyalarda əldə etdiyi nəzəri biliklərin təcrübə ilə vəhdətdə daha dərindən mənimsəmələrinə və onların peşəkar kadr kimi yetişməsinə kömək edəcək.