Xəbərlər
BANM-in tələbələri SOCAR-ın müəssisələrində təcrübədə
Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə təhsil alan tələbələr SOCAR-ın “SOCAR UPSTREAM Management İnternational” MMC, SOCAR- AQŞ” MMC, “SOCAR Polymer”, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi, Heydər Əliyev adına Neft Emalı Zavodu, “Azərikimya” İstehsalat Birliyi, “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi (NQÇİ), “28 May” NQÇİ, “Bibiheybətneft” NQÇİ, Ə.Əmirov adına NQÇİ, H.Z.Tağıyev adına NQÇİ, “Abşeronneft” NQÇİ kimi istehsalat müəssisələrində ödənişli və ödənişsiz əsaslarla yay istehsalat təcrübəsi keçirlər.
Təcrübə zamanı tələbələr komanda işi ilə tanış olaraq ən son avadanlıq və texnologiyalardan istifadə etməklə müəssisələrin yüksək ixtisaslı və təcrübəli mütəxəssisləri ilə birlikdə müxtəlif layihələr və əməliyyatlar həyata keçirirlər. Tələbələr təcrübə keçdikləri müddətdə müxtəlif iş sahələrinə və obyektlərə səfərlər edir, istehsalat müəssisələrində gedən iş prosesi, yataqların işlənmə texnologiyası və neft-qaz hasilatı texnologiyası ilə tanış olur, müasir cihaz və avadanlıqların iş prinsipi, quyuların qazılması və tamamlanması prosesi kimi, qazma məhlulları texnologiyası, avadanlığın quraşdırılıması, keyfiyyətə zəmanət/keyfiyyətə nəzarət və digər istehsalat prosesləri haqqında biliklər əldə edərək təcrübə toplayırlar. Bundan başqa, tələbələr mütəxəssislər tərəfindən əməyin təhlükəsizliyi və ətraf mühit məsələlərinə dair təlimat alırlar. Həmçinin, tələbələrin asudə vaxtlarının səmərəli və əyləncəli təşkil olunması üçün onlara layihələr təqdim olunur və komanda oyunları keçirilir.
Qeyd edək ki, təcrübə müddətində BANM-in rektoru Elmar Qasımovun t tələbələrin təcrübə keçdikləri müəssisələrə səfər edərək müəssisəsi rəhbərləri və təcrübə keçən tələbələrlə görüşüb, istehsalat təcrübəsi keçən tələbələrin fəaliyyəti ilə yerindəcə tanış olub və onların təcrübə ilə bağlı ilkin təəssüratlarını öyrənib. Səfər zamanı rektor tələbələrə öz tövsiyələrini verib, təcrübə müddətində məsuliyyətli olmağa və onlara verilən imkanlardan səmərəli faydalanmağa çağırıb.
İstehsalat təcrübələrinin sonunda tələbələr təcrübə haqqında təqdimatlar hazırlayacaq və təqdimatlar qrup rəhbərləri tərəfindən qiymətləndiriləcəkdir.