Xəbərlər

ABB şirkəti BANM-də Təlim Mərkəzi yaradır

ABB şirkətinin ölkə üzrə direktoru Rüstəm Qasımov Bakı Ali Neft Məktəbində (BANM) olub və Ali Məktəbin rektoru Elmar Qasımovla görüşüb.

 

Görüşdə rektor Elmar Qasımov ABB şirkətinin nümayəndəsinə BANM-in yeni kampusunda aparılan tamamlama işləri haqqında məlumat verib. Rektor qarşı tərəflə kampusda yaradılan və ABB şirkətinin avadanlıqları və simulyasiya vasitələri ilə tam təchiz olunan Təlim Mərkəzində aparılan tamamlama işlərinin gedişatını müzakirə edib. Elmar Qasımov kampusun açılışına qədər Təlim Mərkəzin istifadəyə veriləcəyini də qeyd edib.

 

ABB şirkətinin ölkə üzrə direktoru Rüstəm Qasımov təmsil etdiyi şirkət adından BANM-lə əməkdaşlıq etməkdən məmnunluğunu bildirərək bundan sonra da əməkdaşlığın yüksələn xətt üzrə inkişaf edəcəyindən əminliyi ifadə edib. O, gələcəkdə BANM-in kampusunda yaradılan Təlim Mərkəzində tələbələr və müəllimlər üçün ABB şirkətinin texnologiyalarının tətbiqi əsasında təlimlərin keçirilməsi və tədqiqatların aparılması imkanının olacağını bildirib. Rüstəm Qasımov həmçinin, ABB şirkətinin region üzrə mütəxəssislər üçün təşkil etdiyi təlimlərin bu Mərkəzdə keçiriləcəyini deyib.

 

Görüşdə həmçinin qarşılıqlı əməkdaşlığın digər istiqamətləri və perspektivləri müzakirə olunub.