Xəbərlər
BANM-in tələbəsinin təklifinin reallaşdırılmasına investisiya qoyulub
İyun ayının 23-də BANM-in rektoru Elmar Qasımov tələbə Şamil Ömərova onun layihəsinin reallaşdırılmasına investisiya ayrıldığını təsdiqləyən sertifikatı təqdim edib.
Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 3-cü kurs tələbəsi Şamil Ömərov ATV telekanalında yayımlanan “İdeya qazandı” verilişində “ Günəş panellərinin avtomatik idarə edilməsi” mövzusunda layihə ilə çıxış edib. O, layihədə təqdim edilən qurğunun kiçik modelini nümayiş etdirib və real qurğunun yaradılması üçün maliyyə vəsaitinin ehtiyac olduğunu bildirib. Ümumilikdə verilişə 3000 müraciət qəbul olunub, onlardan 1500-ü müsahibə mərhələsinə dəvət almışdır. Müsahibənin nəticələrinə əsasən 104 nəfər növbəti mərhələyə vəsiqə qazanıb və investorların qarşısında öz layihələrini təqdim etmək hüququ qazanıb. Nəticədə 15 nəfər qalib elan edilib və layihələrini reallaşdırmaq imkanı əldə edib. Bakı Ali Neft Məktəbinin tələbəsi Şamil Ömərov da qaliblər sırasındadır. Onun təqdim etdiyi layihəyə əsasən günəş panelləri vəziyyəti elə tənzimlənir ki, onlar avtomatik olaraq günəşə doğru istiqamətlənir və bununla enerji istehsalının 30% artımına nail olmaq mümkün olur. Bu layihə investorlar tərəfindən bəyənilmiş və onun reallaşdırılması üçün 4165 manat dəyərində maliyyə vəsaiti ayrılıb.
Qeyd edək ki, Şamil Ömərov bir müddət öncə Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəhbərliyi qarşısında öz layihəsini təqdim edib və mükafatlandırılıb.