Xəbərlər
BANM-in Elmi Şurasında bir sıra məsələlər müzakirə olunub
Bakı Ali Neft Məktəbinin (BANM) Elmi Şurasının növbəti iclası keçirilib. İclasda Şuranın sədri və üzvləri iştirak edib.
İclası açan Bakı Ali Neft Məktəbinin rektoru, Elmi Şuranın sədri Elmar Qasımov Şura üzvlərini salamlayaraq, keçirilən iclasların, müzakirə olunan məsələlərin önəmindən söz açıb. O, iclas zamanı “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nda, “Microsoft Imagine Cup 2016” irimiqyaslı beynəlxalq texnologiya müsabiqəsində BANM-i təmsil edən komandaları 2-ci yerə çıxmaları və Famelab yarışının qalibi olmuş BANM-in tələbəsi Mirlan Kərimovu qalibiyyəti münasibəti ilə ürəkdən təbrik edib. BANM-ə daima qalibiyyət gətirən tələbələrə Ali Məktəbin adını uca tutduqlarına görə Ali Məktəbin rəhbərliyi və professor-müəllim heyəti adından təşəkkürünü bildirib.
Rektor Elmar Qasımov 2015-2016-ci tədris ilinin yekunları ilə bağlı danışıb. O, BANM-in qısa zaman ərzində böyük inkişafa nail olduğunu, bu istiqamətdə işlərin sürətlə və keyfiyyətlə aparıldığını, bir çox uğurlara, yeniliklərə imza atdığını və Ali Məktəbin 2016/2017-ci tədris ilini təntənəli şəkildə istifadəyə veriləcək yeni kampusunda açacağını deyib.
Sonra rektor iclasın gündəliyində olan məsələləri elan edib. Şura üzvləri arasında gündəlikdə olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Yay istehsalat təcrübəsinin təşkili, “Neft-qaz mühəndisliyi” kafedrasının dosent vəzifəsini icra edən Xanum Cəfərovanın dosent elmi adı alması üçün sənədlərinin Ali Attestasiya Komissiyasına göndərilməsi, “Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzi”nin Ömürboyu təhsil fakültəsinin strukturuna daxil edilməsi və digər məsələlər müzakirə edilərək səsverməyə qoyulub.
Yekunda ümumi səsvermə ilə müzakirə olunan məsələlərlə bağlı yekdilli qərar qəbul olunub.