Xəbərlər
BANM-in rektoru Elmar Qasımov qalib tələbəni təbrik etdi
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov “Neft-qaz mühəndisliyi“ ixtisası üzrə təhsil alan II kurs tələbəsi Mirlan Kərimovu qəbul edərək ”British Council” və Qafqaz Universitetinin birgə layihəsi olan Famelab - Şöhrət Labaratoriyası yarışmasının final mərhələsində I Yerin və “Ən çox rəğbət qazanan” Yerin qalibi olması münasibətilə ürəkdən təbrik etdi. Rektor ona təhsildə böyük uğurlar və yeni qalibiyyətlər arzu edərək, daima Ali Məktəbin adını uca tutmağa çağırdı. Elmar Qasımov Ali Məktəbin hər bir intellektual və bacarıqlı tələbəsi ilə fəxr etdiyini və onların uğurlarının Ali Məktəbin həyata keçirdiyi tədris siyasətinin nəticəsi olduğunu dedi.
O, Ali Məktəbin rəhbəri olaraq və professor-müəllim heyəti adından hər zaman istedadlı, savadlı və zəhmətsevər tələbələrə dəstək olmağa hazır olduğunu bildirdi. E.Qasımov Mirlan Kərimovun BANM-i Böyük Britaniyada uğurla təmsil edəcəyinə və yeni qalibiyyət gətirəcəyinə əminliyini ifadə etdi.
Mirlan Kərimov yarışdan olan təəssüratlarını bölüşərək BANM-i xaricdə təmsil etməyin onun üçün böyük şərəf və məsuliyyət olduğunu bildirdi. O, BANM-i Böyük Britaniyada yüksək səviyyədə təmsil edəcəyinə söz verdi.
Qeyd edək ki, Mirlan Kərimov Famelab yarışmasının finalında birinci yerə layiq görülərək 2016-cı ilin iyun ayında Böyük Britaniyada keçiriləcək “Çeltenham Elm Festivalı”na ölkəmizi təmsil etmək imkanı qazanıb.