Xəbərlər

Bakı Ali Neft Məktəbində imtahanları britaniyalı mütəxəssislər keçirir

Bakı Ali Neft Məktəbində (BANM) “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə yaz imtahan sessiyasına start verilib. İmtahanlar  Heriot-Vatt Universitetindən Bakı Ali Neft Məktəbinə ezam edilmiş 6 nəfərdən ibarət müəllim və ekspert heyəti  -  universitetin Mühəndislik və fizika elmləri üzrə institutunun (MFEİ) direktor müavini professor Aleksandr Bel, MFEİ-nin tədris və təlim üzrə direktoru, professor Kevin Makkalax, MFEİ-nin professoru Qrem Vayt, müəllim və tədris üzrə menecer Patrisiya Dankan, MFEİ-nin inzibati işlər üzrə köməkçi İren Foks, universitetin Neft-qaz mühəndisliyi İnstitutunun tədris işləri üzrə direktoru Con Ford orada tərtib olunmuş imtahan sualları əsasında Ali Məktəbdə imtahanları təşkil edirlər.

 

“Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə 2-ci, 3-cü və 4-cü kurslarda təhsil alan tələbələr üçün Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları üzrə təhsil aldıqlarına görə imtahanlar sözügedən universitetlə paralel olaraq eyni günlərdə və saat fərqi nəzərə alaraq eyni saatda keçirilir. Bu elektron resurslar vasitəsilə iki ali təhsil müəssisəsinin tələbələri arasında imtahan suallarının cavablarının mübadiləsinin qarşısını almaq məqsədilə həyata keçirilir.

 

BANM Azərbaycanda yeganə ali məktəbdir ki, burada biliyin qiymətləndirilməsi xarici ölkə universiteti tərəfindən həyata keçirilir.

 

Qeyd edək ki, Britaniyalı mütəxəssislər imtahanların gedişinə nəzarət edirlər və imtahandan sonra tələbələrin yazılı cavabları sürətli poçt xidməti vasitəsilə qiymətləndirmə üçün Edinburqa, Heriot-Vatt Universitetinə göndərilir. İmtahan prosesinin bu şəkildə təşkil edilməsi nəticələrin şəffaf və obyektiv qiymətləndirilməsinə tam təminat yaradır.

 

Bu günədək tədris illəri üzrə aparılan statistika göstəricilərinə əsasən,  Bakı Ali Neft Məktəbininin tələblərinin Heriot-Vatt tələbələri ilə müqayisədə imtahanlarda topladığı orta bal göstəriciləri həmişə yüksək olub.