Xəbərlər
BANM və AzLAB MMC əməkdaşlıq haqqında razılığa gəliblər
Bakı Ali Neft Məktəbi (BANM) və AzLAB Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. İmzalanmada BANM-in rəhbərliyi və AzLAB Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Kamran Abasov iştirak ediblər.
Görüşdə BANM-in rektoru Elmar Qasımov Ali Məktəbin fəaliyyəti, həyata keçirilən tədbirlər, beynəlxalq və yerli şirkət və müəssisələrlə əməkdaşlıq etdiyi sahələr haqqında danışıb. O, Ali Məktəbdə mütəxəssis hazırlığı prosesində ən müasir texnologiyaların və laboratoriyaların tətbiq olunduğunu deyib. Rektor qurulan əməkdaşlıq sayəsində BANM-in əməkdaşları və tələbələrinin Cəmiyyətin əməkdaşları tərəfindən müxtəlif mövzularda keçiriləcək mühazirələrindən, laboratoriya dərslərinin keçirilməsi üçün təşkilatın tədqiqat strukturlarından, o cümlədən digər istiqamətlərdə metodiki və təşkilatı dəstəyindən faydalanacaqlarını qeyd edib.
AzLAB Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Kamran Abasov BANM-də olmasından məmnunluğunu bildirərək əməkdaşlığa maraqlı olduğunu bildirib. O, bu əməkdaşlığın BANM-də yüksək ixtisaslı mütəxəssis hazırlığına töhfə verəcəyinə əminlik ifadə edib.
Görüşdə, həmçinin qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.
Sonra tərəflər arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb.
Qeyd edək ki, razılaşmada həmçinin, Cəmiyyətin əməkdaşları tərəfindən BANM-in kampusunda müxtəlif yönümlü tədris laboratoriyalarının yaradılmasına metodiki və təşkilatı yardımın göstərilməsi, tərəflər arasında kitabxana-informasiya resurslarının mübadiləsi, BANM-in tələbələri üçün Cəmiyyətin laboratoriyalarına tanışlıq ekskursiyalarının təşkili, BANM-də “ömürboyu təhsil” konsepsiyası çərçivəsində təşkil edilən stajkeçmə, ixtisasartırma və yenidənhazırlama kurslarında, elmi-praktiki seminarlarda və konfranslarda müəssisənin əməkdaşları tərəfindən müxtəlif mövzular üzrə mühazirələrin təqdimatı və digər məsələlər əks olunub.