Xəbərlər
Bakı Ali Neft Məktəbi antiplagiat proqramına qoşulub
Bakı Ali Neft Məktəbi (BANM) antiplagiatlıq proqramına qoşularaq ABŞ-ın “Turnitin” şirkətinin “Plagiatlıq faktlarının aşkarlanması Internet servisi”ni tətbiq edir. Bununla bağlı Bakı Ali Neft Məktəbi ABŞ-ın “Turnitin” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb və bu Internet servisi artıq Bakı Ali Neft Məktəbinin istifadəsindədir.
Ali Məktəbdə tədris prosesində şəffaflığın təmin olunması məqsədi ilə müasir informasiya texnologiyaları tətbiq olunur və plagiatlıq etməyə cəhd göstərən tələbələrə qarşı ciddi tədbirlər görülür. Tələbələrin elmi və tədris işlərində plagiatlığa yol verməsinin tədris prosesinə, həmçinin onların gələcək fəaliyyətinə əks təsir göstərə biləcəyi izah olunur. “Plagiatlıq faktlarının aşkarlanması və qarşısının alınması Internet servisi”nin BANM-də tətbiqinin tələbələrin elmi işlərinin müstəqil və məsuliyyətli şəkildə hazırlanmasında və tədris prosesinin təkmilləşdirilməsində vacibliyi nəzərə çatdırılır.
Qeyd edək ki, ABŞ-ın “Turnitin” şirkətinin onlayn servisindən 140 ölkədə 15.000-dən artıq təhsil müəssisəsi istifadə edir. Bu sistemin BANM-də tətbiqi onun dünyanın ən qabaqcıl universitetləri sırasına daxil olması prosesinə təkan verəcək.