Xəbərlər
Rektor Elmar Qasımov Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində iştirak edib
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov 16-20 fevral 2016-cı il tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində Avrasiya Universitetlər Birliyi tərəfindən keçirilmiş Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində iştirak edib. Rektor Elmar Qasımov sözügedən Sammitin Türk dünyasında ali təhsil müəssisələrinin beynəlmiləlləşdirilməsi adlı panelində “Azərbaycanda ali təhsilin beynəlmiləlləşdirilməsi” mövzusunda məruzə ilə çıxış edib.
Rektor Elmar Qasımov səfər çərçivəsində bir sıra mühüm görüşlər də keçirib. Belə ki, rektor Elmar Qasımov Yıldız Texniki Universitetinin rektoru Prof. Dr. İsmayıl Yükseklə görüşərək hər iki ali təhsil müəssisəsi arasında Elektrik mühəndisliyi və elektronika ixtisası üzrə gələcəkdə birgə mütəxəssis hazırlığının təşkili barədə müzakirə aparıb və bu barədə tərəflər arasında ilkin razılıq əldə olunub. Görüşdə, həmçinin rektorun başçılıq etdiyi nümayəndə heyətinin cari ilin aprel ayında Bakıya səfəri məsələləri müzakirə edilib.
Elmar Qasımov səfər çərçivəsində sərgidə iştirak etmiş bir sıra qurumların – Avropa Tələbə Xidmətləri Mərkəzi, DAAD, Study in Turkey, Study Portal və Mezun təşkilatlarının nümayəndələri ilə də görüşlər keçirib. Bu qurumlar əcnəbi tələbələrin müxtəlif ölkələrdə təhsilinin təşviqi sahəsində ixtisaslaşıblar və onlarla tələbə mübadiləsi imkanları barədə müzakirələr aparılıb.
Avrasiya Universitetlər Birliyinin (EURAS) prezidenti və İstanbul Aydın Universitetinin rektoru, Dr. Mustafa Aydınla görüşündə rektor Elmar Qasımov EURAS çərçivəsində ali təhsil müəssisələri ilə tədris və elmi-tədqiqatın müxtəlif istiqamətlərində əməkdaşlıq perspektivləri barəsində ətraflı müzakirələr aparıb.
Xatırladaq ki, Avrasiya Universitetlər Birliyi tərəfindən keçirilmiş Avrasiya Beynəlxalq Ali Təhsil Sammitinin məqsədi Avropa, Asiya, Yaxın Şərq, Afrika və Sakit Okean regionunda fəaliyyət göstərən müxtəlif universitetlərin nümayəndələri arasında elmi-texniki, iqtisadi və mədəni əməkdaşlığın qurulması və mövcud əməkdaşlığın genişləndirilməsi istiqamətində geniş müzakirələrin və fikir mübadiləsinin aparılmasıdır.