Xəbərlər
BƏƏ-nin səfiri Bakı Ali Neft Məktəbində təqdimatla çıxış etdi
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əhməd Hamel Alqubaisi Bakı Ali Neft Məktəbində (BANM) “BƏƏ-nin inkişafı” mövzusunda təqdimatla çıxış etdi.
Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov səfir Məhəmməd Əhməd Hamel Alqubaisini Bakı Ali Neft Məktəbində salamladı. Rektor Elmar Qasımov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərinə etdiyi səfərini xatırlatdı. BƏƏ ilə Azərbaycan əlaqələrinin inkişafından söz açan Elmar Qasımov BƏƏ-nin bir çox sahələrdə, o cümlədən memarlıq və turizm üzrə böyük inkişafa nail olduğunu vurğuladı. Elmar Qasımov Birləşmiş Ərəb Əmirliklərinin ali təhsil müəssisələri ilə BANM-in əlaqələrinin qurulduğunu deyərək Abu-Dabi Neft İnstitutu ilə əməkdaşlığın inkişaf etdiriləcəyini vurğuladı. O, BANM-in tələbələri ilə belə görüşlərin davamlı olacağına əmin olduğunu bildirərək bu tədbirlərin tələbələrin dünyagörüşünə müsbət təsir göstərdiyini dedi.
Səfir Məhəmməd Əhməd Hamel Alqubaisi BANM-də olmaqdan məmnunluq bildirərək öz tərcümeyi-halı haqqında danışdı və diplomat karyerasından söz açdı. Səfirin təqdimatında BƏƏ-nin inkişafını özündə əks etdirən qısa videoçarx nümayiş olundu. O, BƏƏ-nin tarixi, coğrafiyası, ölkənin dövlət quruluşu və idarəetmə sistemi, adət-ənənələri haqqında danışdı. Səfir ölkəsinin inkişaf etmiş sahələri, təbii sərvətləri, xüsusilə təhsil sistemi haqqında məlumat verdi.
Sonda səfir tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırdı.