Xəbərlər
Bakı Ali Neft Məktəbində “Dayanıqlı kimya və Kimya mühəndisliyinə doğru” beynəlxalq elmi konfrans keçirilib
Bakı Ali Neft Məktəbində (BANM) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Dayanıqlı kimya və Kimya mühəndisliyinə doğru” mövzusunda Tələbə və Gənc Tədqiqatçıların VII Beynəlxalq Elmi Konfransının açılış mərasimi keçirilib.
Tədbirin açılışında çıxış edən BANM-in rektoru Elmar Qasımov bildirib ki, tələbə və gənc tədqiqatçıların elmi fəaliyyətini stimullaşdırmaq, elmi müzakirələr üçün onlara şərait yaratmaq məqsədi daşıyan konfransa maraq ildən-ilə artır. Bu il 9 ölkənin – Türkiyə, Özbəkistan, Böyük Britaniya, Fransa, Yaponiya, Çin, Portuqaliya, Səudiyyə Ərəbistanı, Rusiyanın ali təhsil müəssisələrinin nümayəndələri, eləcə də Azərbaycanın 16 ali məktəb və elmi tədqiqat institutunun tələbə və tədqiqatçıları iştirakçılar arasında yer alıblar. Kimya mühəndisliyinin Azərbaycanda milli elm sahəsi olduğunu vurğulayan rektor Elmar Qasımov bu sahədə tarixən ölkəmizin dünya səviyyəli alimlər yetişdirdiyini və bu ənənənin hazırda BANM-də uğurla davam etdirildiyini bildirib. Rektor Bakı Ali Neft Məktəbinin məzunlarının kimya mühəndisliyi üzrə həm elmi tədqiqat, həm də sənaye istiqamətində nailiyyətlərini vurğulayıb.
Daha sonra Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi kafedrasının müdiri Rima Quliyeva konfrans haqqında məlumat verərək bildirib ki, konfransa gənc tədqiqatçılardan ümumilikdə 256 müraciət daxil olub, onlardan 46-sı xaricdən edilmiş müraciətlərdir. BANM-in tələbə və gənc tədqiqatçıları isə elmi konfransa 56 tezis təqdim ediblər.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru, akademik Vaqif Abbasov BANM-də təşkil edilən beynəlxalq konfransı Azərbaycanda kimya elminə istedadlı gənclərin marağının artırılması, onların gələcəkdə daha güclü alimlər və mütəxəssislər kimi yetişməsi istiqamətində əhəmiyyətli tədbir adlandırıb.
“SOCAR Polymer”in direktoru Fuad Əhmədov hazırda şirkətdə fəaliyyət göstərən kadrların demək olar ki, hamısının yerli mütəxəssislər olduğunu, BANM-in peşəkar mütəxəssislərin yetişdirilməsinə verdiyi töhfəni xüsusi vurğulayıb.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya İnstitutunun direktoru səlahiyyətlərini icra edən, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, biologiya elmləri doktoru, akademik İradə Hüseynova bildirib ki, BANM-in təşkil etdiyi “Dayanıqlı kimya və Kimya mühəndisliyinə doğru” elmi konfransı gənc tədqiqatçılar üçün önəmli platformadır.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun direktoru səlahiyyətlərini icra edən, kimya elmləri doktoru, professor Əfsun Sucayev çıxışında qeyd edib ki, bu cür beynəlxalq konfranslar gənclərin elmi müzakirələrdə iştirakı və biliklərini artırmaları üçün əvəzolunmaz imkan yaradır.
BANM-in “Kimya mühəndisliyi” ixtisasının 4-cü kurs tələbəsi Səbinə Qasımova “Texniki tullantı sularından ağır metalların və boyaların təmizlənməsi üçün sitrus qabığından əldə edilən pektin əsaslı hidrogel” mövzusunda təqdimat edib.
Beynəlxalq elmi konfransın açılış mərasimi başa çatdıqdan sonra poster təqdimatları ilə tanışlıq olub.
Qeyd edək ki, konfrans öz işini “Dayanıqlı gələcək üçün təkmil materiallar və ətraf mühitin bərpası üçün innovativ həllər” və “Tullantıların dövri dəyərə çevrilməsi” bölmələri üzrə davam etdirib.