Xəbərlər
Bakı Ali Neft Məktəbində iftar süfrəsi təşkil olunub
Bakı Ali Neft Məktəbində (BANM) müqəddəs Ramazan ayında oruc tutan əməkdaşlar, eləcə də yerli və xarici tələbələr üçün iftar süfrəsi təşkil olunub.
İftar süfrəsində Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov da iştirak edib.
BANM-in rektoru Elmar Qasımov müqəddəs Ramazan ayı münasibətilə tədbir iştirakçılarını təbrik edərək, duaların və tutulan orucların Allah dərgahında qəbul olunmasını arzulayıb. Rektor həmçinin qeyd edib ki, BANM-də müxtəlif millətlərin nümayəndələrinin bir araya gələrək eyni süfrə arxasında toplaşması Ali Məktəbin multikultural dəyərlərə və qarşılıqlı hörmət prinsiplərinə sadiqliyinin bariz nümunəsidir.
Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov müqəddəs Ramazan ayında ruzi-bərəkət arzulayaraq, ən çox özbək tələbənin təhsil aldığı Bakı Ali Neft Məktəbində tələbələrlə birgə iftar etməkdən məmnunluğunu ifadə edib.
BANM-in professoru Fuad Vəliyev xalqımıza firavanlıq, dünyaya isə sülh və əmin-amanlıq arzularını çatdırıb.
İftar süfrəsində, həmçinin Somalidən olan tələbə Adan Mohamud Ahmed tərəfindən azan səsləndirilib.





