Xəbərlər
Bakı Ali Neft Məktəbində “Sabahın alimləri” Respublika layihə müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib
Bakı Ali Neft Məktəbində “Sabahın alimləri” XV Respublika layihə müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov bu cür müsabiqələrin istedadlı uşaqları aşkarlamağa, onların innovativ qabiliyyətini inkişaf etdirməyə kömək etdiyini qeyd edib, hər bir gəncin ölkənin yüksəlişinə töhfə verməli olduğunu vurğulayıb.
Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə gənclərə onlar üçün yaradılan imkanları vaxtında dəyərləndirməyi, təqdim olunan resurslardan səmərəli şəkildə faydalanmağı tövsiyə edib.
Çıxışında “Sabahın alimləri” müsabiqəsinin ölkənin ən nüfuzlu müsabiqələrindən biri olduğunu vurğulayan Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov müsabiqənin rəhbərlik etdiyi təhsil ocağında keçirilməsini yüksək qiymətləndirib və qalibləri təbrik edib.
Tədbirin davamında qaliblərə medal və sertifikatlar təqdim olunub.
Bakı Ali Neft Məktəbinin nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin iki komandası mükafatlara layiq görülüb. Naim Əhməd və İbrahim Balaqadaşlıdan ibarət komanda Kompüter elmləri nominasiyası üzrə II, Gülşən Zeynalova və Fatimə Mustafayevadan ibarət komanda Kimya nominasiyası üzrə III yeri tutub.




