Xəbərlər
XRİTDX Bakı Ali Neft Məktəbində "İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasını istifadəyə verib
SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) təşəbbüsü və dəstəyi ilə “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyası fəaliyyətə başlayıb.
Tədbirdə SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva, XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev, BANM-in rektoru Elmar Qasımov, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi general-mayor Davud Rüstəmov, İqtisadiyyat Nazirliyinin Rəqəmsal idarəetmə şöbəsinin müdiri Anar Nərimanov, Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun (ICI Buxarest) elmi direktoru Carmen Elena Cirnu və digər qonaqlar iştirak ediblər.
Laboratoriyanın açılış mərasimində çıxış edən SOCAR-ın Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, BANM-də yaradılmış “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyası ali təhsil müəssisəsində informasiya təhlükəsizliyi sahəsində praktik yönümlü tədrisin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Rektor vurğulayıb ki, bu laboratoriya tələbələrin müasir texnoloji biliklərə yiyələnməsi, real sınaq platformalarında təcrübə qazanması və gələcəkdə ölkənin kibertəhlükəsizlik sahəsində peşəkar mütəxəssislər kimi formalaşması baxımından əhəmiyyətlidir. Elmar Qasımov dövlət qurumu ilə ali təhsil müəssisəsi arasında qurulan bu əməkdaşlıq modelinin elmi potensialın gücləndirilməsinə və tədris prosesinin müasir tələblərə uyğunlaşdırılmasına mühüm töhfə verdiyini bildirib.
XRİTDX-nin rəisi İlqar Musayev “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasının XRİTDX ilə BANM arasında imzalanmış Əməkdaşlıq haqqında Memorandum çərçivəsində və Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın aidiyyati tələblərinin icrası çərçivəsində qurulduğunu qeyd edib. O, sözügedən Strategiyanın müvafiq bəndinin icrası çərçivəsində laboratoriyanın texniki imkanlarının artırılması üçün xüsusi proqram təminatları və əlavə avadanlıqlarla təmin edilməsi üzrə işlərin İqtisadiyyat Nazirliyi ilə birgə davam etdirildiyini vurğulayıb.
Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun (ICI Bucharest) elmi direktoru Carmen Elena Cirnu çıxışında bildirib ki, layihə kibertəhlükəsizlik sahəsində simulyasiya əsaslı təlim və test mexanizmlərini birləşdirən müasir platforma olmaqla, iştirakçılara real kiberhücum ssenariləri üzərində praktiki bacarıqların formalaşdırılması imkanı yaradır.Carmen Elena Cirnu əlavə edib ki, BANM-də SOCAR-ın dəstəyi ilə formalaşdırılmış kibertəhlükəsizlik mühitinin bir çox Avropa ölkələrində belə nadir rast gəlinən nümunə olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu yanaşma gənclərə olan etimadı, strateji baxışı və gələcəyə yönəlmiş düşüncə tərzini əks etdirir.
Tədbirdə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi general-mayor Davud Rüstəmov bildirib ki, laboratoriyanın istifadəyə verilməsi Azərbaycanda mövcud proqram və aparat təminatlarında boşluqların vaxtında aşkarlanması, risklərin azaldılması və kiberinsidentlərin qarşısının qabaqlayıcı şəkildə alınması baxımından mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, Bakı Ali Neft Məktəbi kimi elmi və tədris potensialı ilə ön sıralarda yer alan ali təhsil ocağında belə laboratoriyanın yaradılması sevindirici haldır.
İqtisadiyyat Nazirliyinin Rəqəmsal idarəetmə şöbəsinin müdiri Anar Nərimanov çıxışında bildirib ki, laboratoriya təkcə fiziki texnologiyaların yerləşdirildiyi məkan deyil, həm də insan kapitalının – tələbələr, tədqiqatçılar və gələcək kibermütəxəssislərin yetişdirildiyi mərkəzdir. Burada tələbələr həm rəqəmsal bacarıqlarını inkişaf etdirəcək, həm də DIH-lərdə (Digital Innovation Hub) və digər texnoloji mərkəzlərdə real layihələr üzərində çalışaraq yeni məhsul və startapların yaranmasına dəstək verəcəklər.
Sonra dövlət rəsmiləri və xarici qonaqlar “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyası ilə tanış olublar.


