Xəbərlər
Bakı Ali Neft Məktəbinin müəllimlərinin “Proqramlaşdırmanın əsasları: Python” adlı dərs vəsaiti nəşr olunub
Bakı Ali Neft Məktəbinin İnformasiya Texnologiyaları kafedrasının müəllimləri – dosent Məhəmməd Şərifov, baş müəllim Rəhilə Həsənova və baş müəllim Aygül Musayevanın “Proqramlaşdırmanın əsasları: Python” adlı dərs vəsaiti nəşr olunub.
Dərs vəsaiti ali və orta məktəb tələbələri, eyni zamanda proqramlaşdırma sahəsini dərindən öyrənmək istəyən geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Vəsaitdə əsas #proqramlaşdırma dili kimi Python götürülsə də, bütün proqramlaşdırma dilləri üçün keçərli olan fundamental mövzular əhatəli şəkildə təqdim olunur.
Dərs vəsaitinin əsas məqsədi hazır kitabxana, funksiya və metodlardan istifadə etmədən məsələlərin alqoritmik yanaşma ilə həllini öyrətmək, oxucularda alqoritmik təfəkkürü formalaşdırmaqdır. Bu yanaşma proqramlaşdırma dillərinin sintaksisindən asılı olmayaraq, istənilən alqoritmik dilə rahat keçid imkanı yaradır.
Vəsaitdə Python proqramlaşdırma dilinin sintaksisi, sadə və mürəkkəb riyazi və məntiqi əməliyyatlar, budaqlanan və dövri alqoritmlər, funksiyaların yaradılması, siyahılar, sətirlər, çoxölçülü siyahılar, kortejlər, lüğətlər, çoxluqlar, fayl sistemi, həmçinin xətti və binar axtarış alqoritmləri, eləcə də bubble sort, selection sort və quick sort kimi çeşidləmə alqoritmləri ətraflı şəkildə izah olunur. Hər bir mövzu nəzəri biliklərlə yanaşı, çoxsaylı praktik tapşırıqlar və fərqli həll üsulları ilə müşayiət edilir.
Dərsvəsaiti proqramlaşdırmanı #fundamental və sistemli şəkildə öyrənmək istəyənlər üçün nəzərdə tutulmuş etibarlı mənbədir.

