Xəbərlər

Bakı Ali Neft Məktəbində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il qeyd edilib

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri təşkil olunub.

Tədbirin rəsmi hissəsində çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov kollektivi və tələbələri əlamətdar günlər münasibətilə təbrik edərək, yeni ildə onlara uğurlar arzulayıb.

Rektor çıxışında 2025-ci ilin Bakı Ali Neft Məktəbi üçün xüsusilə uğurlu və əlamətdar il olduğunu vurğulayıb. Elmar Qasımov qeyd edib ki, BANM bu il Prezident təqaüdçülərinin sayına görə növbəti dəfə ölkə rekordu qıraraq 36 Prezident təqaüdçüsü ilə Azərbaycan ali təhsil tarixində lider mövqeyini qoruyub saxlayıb.

Rektor həmçinin bildirib ki, əmək bazarının tələblərinə uyğun olaraq BANM-də bu il Maliyyə və Data analitikası olmaqla iki yeni ixtisas açılıb və bu ixtisaslar da ən yüksək bal toplayan tələbələrin seçimi olub.

Elmar Qasımov məzunların 100 faiz işlə təmin olunma göstəricisinin BANM-in təhsil keyfiyyətinin əsas sübutlarından biri olduğunu vurğulayaraq qeyd edib ki, Dövlət Məşğulluq Agentliyinin 2025-ci il statistikasına əsasən, BANM məzunları ən çox iş tapan TOP 5 universitet arasında ölkə üzrə liderdir.

Rektor çıxışında BANM-in startap və innovasiya sahəsində qazandığı uğurlara da toxunub. Bildirib ki, 2025-ci ildə universitet tələbələri 30-dan çox startap layihəsi təqdim edib, 20-dən çox hakatonda qalib olublar, “Teknofest 2025” çərçivəsində isə BANM komandaları 1 qızıl, 1 gümüş, 2 bürünc medal və 4 xüsusi mükafat qazanaraq Ali Məktəbin beynəlxalq nüfuzunu daha da gücləndiriblər.

Rektor BANM İnnovasiya və Tədqiqatlar Mərkəzinin, həmçinin Mərkəzin rəhbəri Emiliya Əhmədovanın “IDDA Awards 2025” müsabiqəsində əldə etdiyi uğurları da xüsusi qeyd edib.

Elmar Qasımov bildirib ki, 2025-ci ildə BANM-in beynəlxalq əlaqələri əhəmiyyətli dərəcədə genişlənib, əcnəbi tələbələrin sayında 67 faiz artım qeydə alınıb, Özbəkistan universitetləri ilə ikili diplom proqramları uğurla icra olunub, eləcə də SOCAR və Konqo Milli Neft Korporasiyası (SNPC) arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, Konqodan yeni tələbələr BANM-də təhsilə başlayıblar.

Elmar Qasımov 2025-ci ilin mühüm hadisələrindən biri kimi Bakı Ali Neft Məktəbinin tərkibində Rəqəmsal Biliklər Liseyinin açılış mərasiminin keçirilməsini də qeyd edib..

Rektor beynəlxalq və yerli reytinq və akkreditasiya proseslərinə toxunaraq qeyd edib ki, BANM Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyi və müstəqil ekspertlər tərəfindən institusional akkreditasiyadan keçib, ölkədə ilk dəfə olaraq BANM-in bütün akademik proqramları Almaniyanın mühəndislik sahəsi üzrə dünyada nüfuz qazanmış ASIIN akkreditasiya agentliyi tərəfindən beynəlxalq proqram akkreditasiyasına cəlb olunub, BANM həmçinin “Times Higher Education Impact Rankings 2025” reytinqində ilk iştirakında yüksək yerlərdə qərarlaşıb.

Bayram tədbiri çərçivəsində lotereya şans oyunu keçirilib, proqram Aynabənd qrupunun ifası ilə davam edib.