Xəbərlər

Stanford Mühəndislik Məktəbinin Qlobal və Onlayn Təhsil Mərkəzinin nümayəndələri Bakı Ali Neft Məktəbində olublar

Bakıda səfərdə olan Stanford Mühəndislik Məktəbinin Qlobal və Onlayn Təhsil Mərkəzinin nümayəndələri SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) səfərdə olublar.

Rektor Elmar Qasımov qonaqları Bakı Ali Neft Məktəbində görməkdən məmnunluğunu ifadə edərək bildirib ki, fəaliyyətə başlamasından cəmi 14 il keçməsinə baxmayaraq BANM mühüm uğurlar əldə edib. O qeyd edib ki, ən yüksək bal toplayan abituriyentlər BANM-i seçir, tələbələr artıq II kursdan etibarən istehsalat təcrübəsinə cəlb olunurlar.

Elmar Qasımov süni intellekt sahəsində beynəlxalq təcrübənin əhəmiyyətini vurğulayaraq BANM üçün bu istiqamətdə güclü tərəfdaşlıqların qurulmasının vacib olduğunu bildirib və  əməkdaşlıq imkanlarının xüsusi önəm daşıdığını qeyd edib.

Stanford Mühəndislik Məktəbinin Qlobal və Onlayn Təhsil Mərkəzinin icraçı direktoru, dosent Karissa Little çıxış edərək süni intellektin müasir dövrdə strateji əhəmiyyət daşıdığını vurğulayıb, mərkəz tərəfindən bu sahədə təqdim olunan tədris proqramları, onlayn və qlobal təhsil imkanları barədə ətraflı məlumat verib.

Görüş zamanı tərəflər arasında gələcək əməkdaşlıq istiqamətləri barədə geniş fikir mübadiləsi aparılıb.