Xəbərlər
Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin nümayəndələri Bakı Ali Neft Məktəbində olublar
Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə keçirilən “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” tədbiri çərçivəsində Bakıda səfərdə olan Özbəkistan Respublikasının ali təhsil, elm və innovasiyalar nazirinin müşaviri Aziz Meliboev, həmçinin Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin Gənclər Akademiyasının fəaliyyətinin koordinasiyası şöbəsinin müdiri Akbarkhon Sobirkhonov
SOCAR-ın Bakı Ali Neft Məktəbini (BANM) ziyarət ediblər.
BANM-in rektoru Elmar Qasımov, Tədris və elmi işlər üzrə prorektoru Sevda Zərgərova və Beynəlxalq əlaqələr şöbəsinin rəisi Könül Məhərrəmova qonaqlarla görüşərək onlara Bakı Ali Neft Məktəbinin tədris modeli, sənaye tərəfdaşlıqları, tələbələrin praktiki hazırlıq imkanları və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə ətraflı məlumat veriblər.
Görüşdə Özbəkistan ali təhsil müəssisələri ilə Bakı Ali Neft Məktəbi arasında yüksək əməkdaşlıq əlaqələrindən, ikili diplom, həmçinin, tələbə mübadilə proqramlarından bəhs edilib, tərəfdaşlığın genişləndirilməsi, perspektiv əməkdaşlıq istiqamətlərində müzakirələr aparılıb.
