Xəbərlər
Bakı Ali Neft Məktəbində “BANM & ABB - Hyperautomation Club” yaradıldı
Bakı Ali Neft Məktəbində “BANM & ABB - Hyperautomation Club” yaradılıb.
Klubun əsas məqsədi tələbələr arasında RPA (Robotic Process Automation), süni intellekt, avtomatlaşdırma və rəqəmsal transformasiya sahələrinə marağı artırmaq, ABB-nin real layihə təcrübəsini paylaşmaq və potensial gənc istedadları aşkar etməkdir.
Klubun açılışı ilə bağlı keçirilən tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov klubun faydasından danışaraq vurğulayıb ki, ABB BANM-in ən böyük tərəfdaşlarındandır. Rektor bu əməkdaşlığın da faydalı olacağına əminliyini bildirərək, tələbələri yaradılan fürsətdən fəal şəkildə yararlanmağa çağırıb.
ABB-nin Baş direktoru Aynur Süleymanlı çıxışında BANM tələbələrinin uğurlu nəticələr əldə etdiyini, həmçinin bankda səmərəli fəaliyyətlərini qeyd edərək yeni layihənin də maraqlı və qarşılıqlı faydalı olacağına əminliyini ifadə edib.
ABB-də RPA üzrə funksional sahə rəhbəri Fərid Qasımov və İstedadların idarə edilməsi departamentinin rəhbəri Alp Hamidoğlu çıxışlarında layihə haqqında məlumat verərək bildiriblər ki, bu Kluba qoşulan iştirakçılar ABB-nin real layihə təcrübələrini öyrənəcək, praktiki təlimlərdə iştirak edəcək, müzakirələr aparacaq, təcrübə proqramına keçid imkanı əldə edəcəklər.