Xəbərlər

Çinin Tsinghua Universitetinin heyəti Bakı Ali Neft Məktəbində olub

Çinin Tsinghua Universitetinin tələbə və müəllim heyəti Bakı Ali Neft Məktəbində (BANM) olub.

BANM-in rektoru Elmar Qasımov Tsinghua Universitetinin nümayəndə heyətinə rəhbərlik etdiyi ali təhsil müəssisəsinin beynəlxalq əlaqələri, xarici tələbələr üçün yaradılmış təhsil imkanları, yay və qış məktəbləri, mübadilə proqramları haqqında məlumat verib.

Görüş çərçivəsində Tsinghua Universiteti və BANM-in təqdimatları keçirilib. Qarşılıqlı təqdimatlar zamanı hər iki ali təhsil müəssisəsinin tədris imkanları, beynəlxalq təşəbbüsləri və BANM-də hər il qəbul olan xarici tələbələrin statistikası barədə məlumat verilib.

Görüşdə BANM-in müvafiq kafedra rəhbərləri qonaqlara BANM-in akademik strukturu, ixtisaslar və laboratoriya imkanlarından da danışıblar.

Tsinghua Universitetinin nümayəndə heyəti kampus turu çərçivəsində laboratoriyalar, kitabxana, tələbə evi, Konqres zalı və İdman Kompleksi ilə tanış olub.