Xəbərlər

Bakı Ali Neft Məktəbində Dayanıqlı İnkişaf Həftəsi keçirilir

SOCAR-ın Bakı Ali Neft Məktəbində Çin Neft Universiteti ilə əməkdaşlıq çərçivəsində “Dayanıqlı İnkişaf Həftəsi: Enerji keçidinin sürətləndirilməsi” adlı beynəlxalq tədbir keçirilir.

Tədbirdə Çin Neft Universitetinin 13 tələbəsi və 1 dosenti, həmçinin BANM-də təhsil alan Banqladeş, Somali, Özbəkistan, Türkiyə və Azərbaycandan olan ümumilikdə 30 tələbə iştirak edir.

Dayanıqlı İnkişaf Həftəsinin açılışında çıxış edən rektor Elmar Qasımov qeyd edib ki, Çin Neft Universiteti ilə BANM arasında 2018-ci ildən etibarən səmərəli əməkdaşlıq münasibətləri formalaşıb, iki ali təhsil müəssisəsi arasında uğurlu müqavilə mövcuddur və qarşılıqlı tələbə mübadiləsi həyata keçirilir.

Rektor həmçinin dayanıqlı inkişafın və enerji keçidinin rolundan danışaraq, bu proqramın iştirakçılara faydalı biliklər qazandıracağına və müxtəlif ölkələrdən olan tələbələr arasında dostluq münasibətlərinin yaranacağına əminliyini ifadə edib.

Proqram çərçivəsində enerji keçidi, bioenerji və süni intellektin tətbiqi kimi aktual mövzular üzrə təqdimatlar və fikir mübadilələri aparılacaq, həmçinin Azərbaycan mədəniyyətinin təbliği istiqamətində sosial-mədəni tədbirlər keçiriləcək.

Proqrama “SOCAR Green”, bp və Ekologiya və Təbii Sərvətlər Nazirliyindən dəvət olunmuş mütəxəssislərin çıxışları da daxildir.