Xəbərlər
“Adlı təqaüd” lərin təqdim edilmə mərasimi BANM- da keçirilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi tərəfindən təhsildə və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən 308 tələbəyə “Adlı təqaüd” təqdim edilib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “Adlı təqaüd” Bakı Ali Neft Məktəbində (BANM) keçirilib.
AHİK sədri Sahib Məmmədov, çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətindən və onların inkişafına yönəlmiş tədbirlərdən bəhs edib. O, Heydər Əliyev Fondu və Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan elm və təhsil layihələrini vurğulayıb.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov isə ali təhsilə əlçatanlığın artırılması istiqamətində görülən işləri qeyd edib. O, layihənin gənclərin elmə və təhsilə marağının artırılmasında mühüm rol oynadığını bildirib.
Rektor Elmar Qasımov çıxışında tələbələrin elmi nailiyyətlərini və BANM-in uğurlarını vurğulayaraq, ölkəmizdə peşəkar kadrların yetişdirilməsində ali təhsil müəssisələrinin və həmkarlar ittifaqlarının rolunu qeyd edib. O, təqaüd alan BANM tələbələrinə dəstək nümayiş etdirərək “Biz birik!” şüarını səsləndirib.
