Xəbərlər

BANM-in iki tələbəsi Azercell-in təqaüdünə layiq görüldü

   Bakı Ali Neft Məktəbinin (BANM) “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Rafael Səmədov və “Neft-qaz mühəndisliyi“ ixtisası üzrə təhsil alan IV kurs tələbəsi İbrahim Məmmədov Azercell Telekom-un Tələbə Təqaüdü Proqramının 2015-ci il üçün nəticələrinə əsasən qalib olublar. Bakı və eləcə də rayonlarda yerləşən ali təhsil müəssisələrini əhatə edən bu proqramda iştirak etmək üçün müxtəlif təhsil ocaqlarından 1200-dən çox tələbə müraciət edib. Oktyabrın 1-dən başlanan mərhələli seçim prosesinin sonunda 24 tələbə qalib olub. Qaliblər arasında Bakı Ali Neft Məktəbi ilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Qafqaz Universiteti, Dövlət İdarəçilik Akademiyası və Bakıda yerləşən digər təhsil qurumları ilə yanaşı, Gəncə, Mingəçevir, Naxçıvan və Lənkəran Dövlət Universitetlərinin tələbələri də Azercell-in fəxri təqaüdçüləri adına layiq görülüblər.

 

Qeyd edək ki, Azercell Telekom-un 2008-ci ildən etibarən tələbələrə təqdim etdiyi Tələbə Təqaüdü Proqramının məqsədi müvəffəqiyyətlə təhsil alan tələbələrə xüsusi qayğı göstərmək və onların gələcəkdə peşəkar kimi formalaşmasına dəstək olmaqdır. Təqaüdlə yanaşı, bu gənclər telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanını əldə edirlər.