Xəbərlər
Prezident təqaüdü almaq və buna layiq görülmək mənim üçün böyük bir qürur mənbəyidir
Ziya Əbilov: 686.9 bal
İxtisas: Kompüter elmləri
Məzun olduğu məktəb: Şərur şəhəri Fizika-Riyaziyyat Təmayüllü Liseyi fərqlənmə attestatla bitirib
Prezident təqaüdü almaq və buna layiq görülmək mənim üçün böyük bir qürur mənbəyidir. Həm də dövlət başçısının tələbələrə olan qayğısının bariz nümunəsidir. Mən də öz növbəmdə, bu təqaüdü qorumaq və ona layiq olmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. BANM-a daxil olmaq mənim kiçik yaşlardan bəri arzuladığım bir məqsəd idi. Həmişə sosial mediada BANM-ın səhifələrini izləyərkən, onların müxtəlif yarış və müsabiqələrdə yüksək yerlər tutduqlarını görürdüm. Seçdiyim ixtisas da gələcəkdə çox aktual olacağına inandığım və maraq dairəmə uyğun bir sahədir, bu sahədəki inkişaflar həm şəxsi, həm də ölkəmizin gələcəyi üçün çox əhəmiyyətlidir.
Gələcəkdə xaricdə nüfuzlu bir universitetdə təhsil alaraq burada qazandığım biliklərin üzərinə daha çox təcrübə və bacarıq əlavə etməyi planlaşdırıram. Bu, mənə beynəlxalq səviyyədə rəqabət qabiliyyətimi artırmaq və fərqli mədəniyyətlərdən yeni yanaşmalar öyrənmək imkanı verəcək. Sonrasında isə Vətənimə geri dönərək, orada əldə etdiyim təcrübə və bacarıqları ölkəmə faydalı olmaq üçün istifadə etmək istəyirəm. Mənim üçün ən vacib olan, həm özümə, həm də cəmiyyətimə dəyər qatmaqdır, buna görə də təhsilimi davam etdirərək, Vətənimə xidmət etməyi ən böyük arzum olaraq görürəm.
