Xəbərlər
“Kiçik yaşlarımdan məqsədim Bakı Ali Neft Məktəbinə daxil olmaq idi”
Aytac Əliyeva: 697.5 bal
İxtisas: Kimya mühəndisliyi
BANM birincisi: İxtisası üzrə
Məzun olduğu məktəb: Bakı şəhər Humanitar fənnlər təmayüllü məktəb-liseyi fərqlənmə attestatı ilə bitirib
Prezident təqaüdçüləri arasında ilk üçlükdə yer aldığım üçün çox sevinirəm. Yüksək bal toplayacağımı gözləsəm də, təqaüdə layiq görüləcəyimi təsəvvür etmirdim. Gənc yaşımda ölkə başçısının diqqətində olmaq və qaliblər sırasında yer almaq çox gözəl bir hissdir. Nəticələr açıqlanandan sonra mətbuatın diqqətində olduq, hər kəs bizi nümunəvi övlad kimi göstərirdi. Bu statusu qoruyub saxlamağa çalışacağam.
Kiçik yaşlarımdan məqsədim Bakı Ali Neft Məktəbinə daxil olmaq idi. Məni bu yolda həvəsləndirən və ilham verən məzununuz Bənövşə Məmmədzadə oldu. Onun hakaton və yarışlarda qazandığı uğurlarını, həmçinin təhsilini izləyərək böyüdüm və özümə model olaraq onu seçdim.
SOCAR-ın prezidenti cənab Rövşən Nəcəflə görüşümüz həyatımın ən unudulmaz anlarından biri oldu. İlk gündən etibarən mənə göstərdiyi böyük diqqət və qayğı üçün ona dərin təşəkkürümü bildirirəm. Həqiqətən də BANM-ı seçməklə doğru qərara vermişəm.
Bir çox olimpiadalarda iştirak etmişəm. Respublika fənn olimpiadasında iki dəfə finala çıxmışam, riyaziyyatdan bürünc medal, Lütfi Zadə adına olimpiadada və Məktəblilərarası fənn müsabiqələrində gümüş medal qazanmışam, “Sabahın alimləri” müsabiqəsində isə bürünc medal əldə etmişəm.
Növbəti hədəfim IELTS imtahanından 8 bal toplamaq, Almaniyada gen mühəndisliyi üzrə təhsil almaqdır. Sonra Vətənə geri qayıdıb ölkəmdə çalışmaq və xidmət etmək niyyətindəyəm.