Xəbərlər

Elmar Qasımov “Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumu”nda iştirak edib

Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Almaniyadakı səfirliyinin birgə təşkilatçılığı ilə Almaniyanın Berlin şəhərində “Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumu” keçirilib.

Forum çərçivəsində “Azərbaycanda mühəndisliyin inkişafı: Çağırışlar və perspektivlər” mövzusunda panel iclası baş tutub. Paneldə SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov çıxış edib. Dünyanın aparıcı texnoloji mərkəzlərində çalışan azərbaycanlıların ölkəmizə təcrübə mübadiləsinə, tədqiqatlara dəvət olunmasının, onların yaratdıqları şirkətlərinin rezident kimi cəlb edilməsinin əhəmiyyətini vurğulayıb. Azərbaycanlı mühəndislərin bilik və bacarıqlarından səmərəli istifadənin üstünlüklərini diqqətə çatdırıb. Habelə Avropada yaşayan və çalışan mühəndislərimizlə görüş təşkil edilib və gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Forumda Avropadan 125 mühəndis, alim, diaspor nümayəndələri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev və bir sıra ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.