Xəbərlər

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti BANM ilə əməkdaşlığa başlayır

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi general-leytenant İlqar Musayev Xidmətin bir qrup əməkdaşları ilə birlikdə SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru və müəllim heyəti ilə görüş keçirib.

SOCAR-ın Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqları Universitetlə yaxından tanış edib, universitetdə tədris edilən ixtisaslar, informasiya texnologiyaları və kibertəhlükəsizliklə bağlı həyata keçirilən yeniliklər və layihələr barədə məlumat verib.

XRİTDX-nın nümayəndələri Universitetin maddi-texniki bazası, burada fəaliyyət göstərən İKT laboratoriyaları, “İnformasiya texnologiyaları” kafedrası, real dərs mühiti, tələbələrin təhsil şəraiti ilə tanış olublar. 

Rektor E.Qasımov qonaqları salamlayaraq qeyd edib ki, bu cür dövlət-özəl qurumlar arasında qurulan əməkdaşlıq yeni istiqamətin təməlini qoyaraq, tələbələrin peşəkar inkişafına, onların gələcəkdə sahə üzrə qabaqcıl mütəxəssislərə çevrilməsinə fürsət yaradır. Çıxışında E.Qasımov BANM tərəfindən informasiya təhlükəsizliyi sahəsində görülən işlərdən, burada təqdim olunan müasir ixtisaslardan və layihələrdən ətraflı məlumat verib.  XRİTDX-nın rəisi general-leytenant İlqar Musayev çıxışında rəhbərlik etdiyi qurum haqqında məlumat verərək, istənilən sahədə uğurlu işin əsasını insan resursları təşkil etdiyini qeyd edib. Eləcə də Bakı Ali Neft Məktəbinin tələbələri üçün praktiki ustad dərslərin keçirilməsini, burada yaradılacaq “İnformasiya Təhlükəsizliyi Testləri” labaratoriyasında və Xidmətin DATA mərkəzlərində onlar istehsalat təcrübəsi keçməklə daha hazırlıqlı olacaqlarını vurğulayıb. İ.Musayev əməkdaşlığın yeni istiqamətinin faydalı olacağına, tərəfdaşlığa töhfə verəcəyinə əminliyini bildirib. Xidmətin fəaliyyəti haqqında təqdimatla ətraflı məlumat verilib. 

Daha sonra Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə SOCAR-ın Bakı Ali Neft Məktəbi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev və BANM-in rektoru Elmar Qasımov imzalayıblar. 

Memorandumda XRİTDX tərəfindən müxtəlif istiqamətlərdə bilik mübadiləsi sessiyalarının və praktiki ustad dərslərin keçirilməsi, tələbələr üçün informasiya təhlükəsizliyinin müasir üsullarını hazırlayıb tətbiq edilməsi, birgə tədqiqatlar və təcrübə mübadiləsi, real layihələrdə iştirak və digər məsələlər nəzərdə tutulub.