Xəbərlər

Qara Dəniz Universitetlər Şəbəkəsinin nümayəndə heyəti BANM-də

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Qara Dəniz Universitetlər Şəbəkəsinə (BSUN) üzv olan 20 Azərbaycan universitetinin nümayəndələrinin görüşü olub.

Tədbirə ev sahibliyi etməkdən məmnun olduğunu bildirən BANM-in rektoru Elmar Qasımov görüşün əhəmiyyətindən danışıb. O, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində universitet nümayəndələrinin öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməsinin önəmini vurğulayıb.

Sonra Qara Dəniz Universitetləri Şəbəkəsinin Prezidenti və Buxarest Universitetinin rektoru Marian Preda, baş katibi Eden Mamut, habelə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov, Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasile Soare və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru Zəfər Qurbanov çıxış ediblər.

Daha sonra BSUN-un fəaliyyətinə dair təqdimat edilib, iqlim dəyişikliklərinin təsirinin azaldılması ilə bağlı görülən işlərdən danışılıb. Eləcə də qurum tərəfindən COP29 çərçivəsində tədbirin keçirilməsi təklifi müzakirə olunub. “Qara Dəniz Regionu üzrə Rektorların 16-cı Konfransı” (16th Conference of Rectors from the Black Sea Region) ilə bağlı geniş məlumat verilib.

Görüş zamanı Türkiyənin İstanbul Universitetinin nümayəndələri ilə onlayn bağlantı təşkil olunub. Auditoriyanı maraqlandıran suallar cavablandırılıb, birgə fikir mübadiləsi aparılıb.

Sonda Bakı Ali Neft Məktəbinin rektoru Marian Predaya "Fəxri qonaq" plaketini təqdim edib.