Xəbərlər

ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Bakı Ali Neft Məktəbində olub

     ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Bakı Ali Neft Məktəbinin (BANM) rəhbərliyi ilə görüşüb.

 

   Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov qonağı salamlayaraq onu Ali Məktəbdə yenidən görməkdən məmnunluq hissi keçirdiyini bildirib. Rektor BANM-in Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” çağırışının reallaşmasına yönəlmiş əhəmiyyətli bir layihə olduğunu qeyd edərək onun yaranma tarixi, fəaliyyət istiqamətləri, 4 illik fəaliyyəti ərzində nailiyyətləri haqqında qonağa ətraflı məlumat verib. Rektor tədris prosesinin ingilis dilində, müasir proqramlar və texnologiyalar əsasında və istehsalatla sıx əlaqədə həyata keçirildiyini xatırladıb. O, həmçinin qonağa BANM-in əməkdaşlıq etdiyi transmilli şirkətlər, yeni yaradılmış Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzi, Ömürboyu təhsil fakültəsi, Ali Məktəbin tikintisi başa çatan kampusu və gələcəkdə BANM-də həyata keçiriləcək magistr hazırlığı proqramları haqqında məlumat verib. Rektor Azərbaycanın birinci xanımı, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyətindən söz açaraq, ISESCO-ya verdiyi dəstək barəsində, onun elm, mədəniyyət və təhsil sahələrinin, ölkənin ümumi inkişafı istiqamətində gördüyü işlər haqqında bəhs edib. Bununla yanaşı, rektor ISESCO-ya üzv olan ölkələrin gənclərinin BANM-də təhsil almaları imkanlarından danışıb və bunun üçün ISESCO tərəfindən təqaüdün ayrılması təklifini irəli sürüb. Sonda rektor Əbdüləziz Osman əl-Tuveycrini ölkənin Prezidenti cənab İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif edilməsi və yenidən ISESCO-nun baş direktoru seçilməsi münasibəti ilə təbrik edib.

 

     ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Bakıda və ölkənin ən nüfuzlu ali məktəbində yenidən olmasından məmnunluğunu ifadə edib. Cənab əl-Tuveycri ISESKO-ya üzv ölkələrdə neft-qaz və texnologiyalar üzrə ixtisaslaşmış bir sıra aparıcı ali təhsil müəssisələrinin mövcud olduğunu, lakin BANM-in çox müasir və səmərəli layihə hesab etdiyini bildirib. ISESCO-ya üzv olan ölkələrin istedadlı gənclərinin BANM-də təhsili üçün təqaüdlərin ayrılmasını təqdirəlayiq hesab etdiyini və bunun üçün lazımi dəstək göstərilməsinə hazır olduğunu bildirib.

 

     Görüşdə rektor Elmar Qasımov və ISESCO-nun baş direktoru Əbdüləziz əl-Tuveycri arasında ISESCO-ya üzv olan ölkələrin vətəndaşlarının BANM-də təhsil almaları, bunun üçün təqaüdün ayrılması və təhsilin təşkili ilə bağlı müzakirələr aparılıb.