Xəbərlər

Bakı Ali Neft Məktəbində Davamlı inkişaf və SƏTƏM-lə bağlı beynəlxalq konfrans keçirilib

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “SOCAR Downstream” və İtaliyanın ICARO şirkətinin birgə təşkilatçılığı ilə “Davamlı inkişaf və SƏTƏM mədəniyyətinin artırılması üçün proseslərin təhlükəsizliyi" mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda SOCAR-ın müxtəlif idarələrinin rəhbərləri, dövlət qurumlarının nümayəndələri, universitetlərin əməkdaşları və tələbələr iştirak ediblər.  

Konfransın açılışında çıxış edən SOCAR-ın Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Ali Məktəbin proses təhlükəsizliyi və SƏTƏM üzrə peşəkarların qabaqcıl təcrübələrini bölüşdüyü və enerji sektorunda çağırışlara innovativ həll yollarının müzakirə olunduğu tədbirə ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib. Rektor əməyin mühafizəsinin, təhlükəsizliyin təmin olunmasının əhəmiyyətinə toxunaraq bu sahədə maariflənmənin vacibliyini qeyd edib və bildirib ki, bu konfrans tələbələrin yeni biliklər əldə etməsi, gələcəkdə bu sahədə təhsil almaq üçün maraqlarının artması baxımından da faydalıdır.

Tədbirdə çıxış edən İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müşaviri Marvin Seniga iki ölkə arasında əməkdaşlığın inkişafından bəhs edərək İtaliya və Azərbaycan şirkətlərinin birgə təşkil etdiyi, aktual mövzuya həsr edilmiş bu konfransın əhəmiyyətini vurğulayıb və əməkdaşlığa daha bir töhfə olaraq qiymətləndirib.

Azərbaycan ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov və Fövqəladə Hallar Nazirliyinin Sənaye Təhlükəsizliyi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini İsmayıl Nəsirov çıxışlarında təmsil etdikləri dövlət qurumlarının ətraf mühitin və əməyin mühafizəsi, təhlükəsizlik texnikası üzrə həyata keçirdiyi işlər, Dövlət Proqramları, prioritetlər, bu sahədə gələcək hədəflər barədə  məlumat veriblər.

Konfransda “SOCAR Downstream”in Baş direktoru Emil Alxaslı Əməliyyat mükəmməlliyi proqramı, hədəflər barədə məlumat verərək bildirib ki, SƏTƏM və texnoloji təhlükəsizlik SOCAR-ın əsas dəyərlərindən biri və əməliyyat mükəmməlliyi istiqamətində əsas hərəkətverici qüvvədir.

Konfrans ICARO şirkətinin idarəedici direktoru Siliano Stanqanini, həmçinin SOCAR, İtaliya şirkəti, Genuya Universitetinin nümayəndələrinin  davamlı inkişaf, proses təhlükəsizliyi idarəetmə sistemi, risklərin qiymətləndirilməsi, ərazidə sənaye fövqəladə hallarının idarə edilməsi və digər mövzularda çıxışları və dəyirmi masa müzakirələri ilə davam edib.