Xəbərlər
Bakı Ali Neft Məktəbində Sinerji Elmi Diskussiyalar Klubu yaradılıb
Bakı Ali Neft Məktəbində (BANM) “Sinerji” Elmi Diskussiyalar Klubunun “Elm və Mənəviyyat” mövzusunda ilk elmi diskussiyası keçirilib.
Diskussiyada Bakı Ali Neft Məktəbinin rektoru, BANM-in “Sinerji” Elmi Diskussiyalar Klubunun prezidenti Elmar Qasımov, klubun elmi koordinatoru, Ali Məktəbin Neft-qaz mühəndisliyi kafedrasının professoru Fuad Vəliyev, Ali Məktəbin professor-müəllim heyətinin digər üzvləri və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan BANM-in rektoru və klubun prezidenti Elmar Qasımov BANM-də yeni yaradılan “Sinerji” Elmi Diskussiyalar Klubunun əsas məqsədi, fəaliyyəti dövründə müzakirə olunacaq mövzuları haqqında söz açıb. Rektor bildirib ki, professor Fuad Vəliyevin təşəbbüsü ilə yaradılan klubun əsas məqsədi tələbələri, gənc alim, pedaqoq və mütəxəssisləri müxtəlif elmlər, mühəndislik sahəsində yeni nailiyyətlər, aktual problemlər, perspektivlər barədə məlumatlandırmaq, onları elmi-praktiki diskussiyalara cəlb etmək, elmi-tədqiqat işinə həvəsləndirmək və onlarda yaradıcılıq vərdişləri, diskussiya aparmaq, çıxış etmək mədəniyyəti formalaşdırmaqdır. E.Qasımov klubun ilk elmi diskussiyasının “Elm və Mənəviyyat” mövzusuna həsr olunduğunu bildirərək bu mövzunun hər kəs üçün böyük önəm kəsb etdiyini, cəmiyyətin, xüsusilə də gənclərin düzgün formalaşmasında aktual mövzulardan biri olduğunu vurğulayıb. O, klubun gələcəkdə respublika səviyyəsində fəaliyyət göstərəcəyinə əminlik ifadə edib, müxtəlif mövzularda keçirələcək gələcək diskussiyalarda iştirak etmək istəyən hər kəsi kluba dəvət edib və onun işində uğurlar arzulayıb.
Klubun elmi koordinatoru, Ali Məktəbin Neft-qaz mühəndisliyi kafedrasının professoru Fuad Vəliyev çıxış edərək BANM-in rektoru Elmar Qasımova klubun fəaliyyətə başlamasında verdiyi dəstəyə görə təşəkkürünü bildirib və “Elm və Mənəviyyat” mövzusunda diskussiyaya start verib. İlk olaraq, professor, “sinerji” (lat. “birgə təsir”) sözünün ətraflı izahını verib və hər bir sahədə “sinerji” effektini yaradılmasının vacib amil olduğunu diqqətə çatdırıb. Sonra professor F.Vəliyev təqdim etdiyi “Elm və mənəviyyat” mövzusu haqqında maraqlı təqdimatla çıxış edib. Professor öz təqdimatında dünya ölkələrinin müxtəlif dövrlərin məşhur ədib və ziyalılarından, Qurani-Kərimdən elm və idrak, elm və mənəviyyat, elm və dini yanaşmalarla bağlı kəlamlar, sürələr, aforizmlər, fikirlər səsləndirib. F.Vəliyev ideal cəmiyyətin quruculuğunda elmlə mənəviyyatın və dinin uzlaşmasının zəruriliyindən, mənəviyyatsız elmin insanlara faydadan çox təhlükə mənbəyi olduğundan, cəmiyyətin elmə münasibətinin necə olmasından və digər amillərdən bəhs edib. Sonda F.Vəliyev klubun bundan sonrakı fəaliyyətində iştirak etmək istəyən hər kəsi təbiət elmləri, mühəndislik, fəlsəfə, din və digər aktual mövzularda keçiriləcək diskussiyalara qoşulmağa dəvət edib.
Diskussiya tələbə və professor müəllim-heyəti arasında müzakirələr, sual-cavab, mövzu ətrafında səsləndirilən fikirlərlə yekunlaşıb.
Qeyd edək ki, BANM-in “Sinerji” Elmi Diskussiyalar Klubunun yaradılmasında əsas məqsəd tələbələri, gənc alim, pedaqoq və mütəxəssisləri dəqiq və humanitar elmlər, mühəndislik üzrə yeni nailiyyətlər, aktual problemlər, perspektivlər barədə məlumatlandırmaq, elmi-praktiki diskussiyalara cəlb etmək, elmi-tədqiqat işinə həvəsləndirmək, onlarda yaradıcılıq vərdişləri, diskussiya aparmaq, çıxış etmək mədəniyyəti formalaşdırmaq. Klubun fəaliyyəti dövründə müxtəlif aktual mövzularda aparıcı elm adamlarının, yerli və xarici mütəxəssislərin, idarə və müəssisə rəhbərlərinin məruzələri dinlənilməsi, disputlar, dəyirmi masalar, tələbələrin elmi-texniki-humanitar mövzularda çıxışları, onların tədqiqat işlərinin müzakirəsi, informasiya mübadiləsi nəzərdə tutulur. Klubun gələcək diskussiyalarında BANM-in heyəti ilə yanaşı, maraqlanan hər kəs iştirak edə bilər.