Xəbərlər
“Maire Tecnimont” şirkətinin yeni regional rəhbəri Bakı Ali Neft Məktəbində
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İtaliyanın “Maire Tecnimont Group” şirkətinin birinci vitse-prezidenti Cianni Bardazzinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları Ali Məktəbdə görməkdən məmnunluğunu ifadə edən rektor “Maire Tecnimont Group”la uğurlu əməkdaşlıqdan bəhs edib. O vurğulayıb ki, bu əməkdaşlıq nəticəsində BANM-in tələbələri şirkətin təcrübə proqramlarında iştirak edir, məzunları burada müxtəlif vəzifələrdə çalışırlar.
Əməkdaşlığın genişlənməsindən danışan İtaliyanın “Maire Tecnimont Group” şirkətinin birinci vitse-prezidenti Cianni Bardazzi şirkətin törəməsi olan “KT-Kinetics Technology”nin Azərbaycan nümayəndəliyinin yeni rəhbəri Antonio Donatonu Elmar Qasımova təqdim edib. Bildirib ki, bu şirkətdə 35 illik təcrübəsi olan Donato son olaraq "Maire Tecnimont" şirkətinin Rusiya nümayəndəliyi üzrə vitse-prezidenti kimi çalışıb. Bardazzi vurğulayıb ki, yeni rəhbər Xəzər, Mərkəzi Asiya və Rusiya regionunu Bakı ofisindən koordinasiya edəcək. Bu da Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq üçün yeni imkanlar yaradır.
Sonra BANM-in rektoru Elmar Qasımov adı çəkilən şirkətin Azərbaycan nümayəndəliyinin keçmiş rəhbəri Nikolo Heilpern ilə 7 illik əməkdaşlıqdan söz açıb və vurğulayıb ki, o eyni zamanda Ali Məktəbdə MBA ixtisasında dərs deyib. Rektor Nikolo Heilpern minnətdarlığını bildirib və ona Ali Məktəbin Fəxri fərmanını təqdim edib.