Xəbərlər
SOCAR-ın Bakı Ali Neft Məktəbindən startapçılara dəstək
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva ilə görüşüb. Görüşdə paytaxtın ümumtəhsil məktəblərində şagirdlərin startap ideyalarının dəstəklənməsində köməklik göstərilməsi və bu istiqamətdə ali təhsil ocağı ilə birgə görülə biləcək işlərdən danışılıb, BŞTİ ilə BANM-in gələcək əməkdaşlıq perspektivlərinə dair fəaliyyət barədə fikir mübadiləsi aparılıb.
BANM-in rektoru Elmar Qasımov bildirib ki, rəhbərlik etdiyi Ali Məktəb BŞTİ ilə əməkdaşlıq edərək startapçı gənclərlə işləməkdə maraqlıdır. O, ölkənin qabaqcıl ali məktəblərindən biri olan BANM-in daim startapçı gənclərə dəstək olduğunu vurğulayıb. Rektor bu istiqamətdə BŞTİ ilə birgə əməkdaşlığın uğurlu nəticələr verəcəyinə inandığını qeyd edib.
Startapçı şagirdlərin tədqiqatlara cəlb olunması, startap layihələrində elmi rəhbərlərlə birgə işləməyin vacibliyinə toxunan Elmar Qasımov ali təhsil ocağının laboratoriya və robototexnika mərkəzinin məktəblilərin ixtiyarında olduğunu da diqqətə çatdirib.
BŞTİ müdiri Mehriban Vəliyeva bildirib ki, yeni dünya dövrün şagirdlərindən öyrənmək bacarığı, komandada işləmək vərdişləri, kreativlik, təşəbbüskarlıq və liderlik keyfiyyətləri tələb edir. O, XXI əsr bacarıqlarının aşılanması, şagirdlərə eyni müstəvidə düşünmək imkanının yaradılması, həmçinin məktəblilərin innovativ təşəbbüslərinin dəstəklənməsi, onların yaradıcı ideyalarının reallaşdırılması üçün münbit şəraitin yaradılmasına xidmət edən startapçılıq hərəkatının başlanılması üçün səylərin birləşdirilməsinin əhəmiyyətli olduğunu deyib. Elmi tədqiqatın və öyrənmənin sərhədsiz olduğu indiki dövrdə startap layihələrini özünü reallaşdırmağın ən optimal yolu kimi dəyərləndirən Mehriban Vəliyeva bu sahədə əməkdaşlığa verdiyi dəstəyə, öz qapılarını şagirdlərin üzünə açdığına görə BANM rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.
Görüşdə iştirak edən paytaxtdakı 62 nömrəli məktəb-liseyin X sinif şagirdi, BŞTİ-nin ali məktəblərlə birgə həyata keçirdiyi Startap Proqramının rəhbəri Həsən Quliyev özünün startap layihələri, bu sahədəki fəaliyyətindən və müvafiq dünya təcrübələrindən danışıb. Gənc startapçı həmyaşıdlarına dəstək göstərməyə hazır olduğunu söyləyib.