Xəbərlər

Boğaziçi Universitetinin prorektoru Bakı Ali Neft Məktəbində mühazirə keçdi

Boğaziçi Universitetinin prorektoru professor Gürkan Kumbaroğlu Bakı Ali Neft Məktəbində (BANM) “Enerji iqtisadiyyatı” mövzusunda mühazirə keçib.

Mühazirə SOCAR-ın rəhbər heyətinin, BANM-in əməkdaşlarının iştirakı ilə “Liderlik Akademiyası”nın “Strateji Rəhbərlərin İnkişafı” təlim proqramının açılış mərasimində baş tutub.

Boğaziçi Universitetinin prorektorunun enerji səmərəliliyi, qlobal enerji bazarı, Türkiyənin enerji istehsalı və istehlakı, gələcək hədəflər barədə mühazirəsi maraqla qarşılanıb.

Xatırladaq ki, “SOCAR Tower”də SOCAR ilə Boğaziçi Universiteti arasında “Liderlik Akademiyası”nın “Strateji Rəhbərlərin İnkişafı” təlim proqramı üzrə müqavilə, BANM ilə Boğaziçi Universiteti arasında “Birgə proqramların həyata keçirilməsinə dair” Anlaşma Memorandumu imzalanıb.

İmzalanmadan sonra Bakı Ali Neft Məktəbində keçirilən “Liderlik Akademiyası”nın “Strateji Rəhbərlərin İnkişafı” təlim proqramının açılış mərasimində BANM-in rektoru Elmar Qasımov çıxış edərək bu müqavilələrlə Boğaziçi Universiteti ilə əməkdaşlıqda yeni mərhələnin başladığını vurğulayıb. Elmar Qasımov qeyd edib ki, “Liderlik Akademiyası”nın “Strateji Rəhbərlərin İnkişafı” təlim proqramı liderlik bacarıqlarının inkişaf etdirilməsi baxımından böyük önəm daşıyır.

#SOCAR #BANM #BHOS #boğaziçiüniversitesi #enerjiiqtisadiyyatı