Xəbərlər
SOCAR-ın Bakı Ali Neft Məktəbinin Vyetnamda işləyən məzunu: “Aldığım təhsil mühəndis kimi erkən və uğurlu fəaliyyətimə böyük təsir edib”
Cavid Məmmədli 2015-ci ildə 685 balla SOCAR-ın Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasına qəbul olub. Ali Məktəbi 2020-ci ildə bütün ixtisaslar üzrə birinciliklə bitirərək adını rəmzi kötüyə yazdırıb. Diplom almadan “Technip Energies” şirkətindən iş təklifi alıb. Müxtəlif vaxtlarda “Technip Energies” şirkətinin Fransa və İtaliya filiallarında ezamiyyətdə olub. 2022-ci ilin may ayından “Technip Energies” şirkətinin Vyetnamın Long Son əyalətindəki layihəsində İlkin istismar və İstismar üzrə Supervayzer kimi fəaliyyət göstərir. Hazırda Vyetnamda yaşayır.
- Bakı Ali Neft Məktəbi sizə nə qazandırıb?
- BANM mənə mühəndislikdə və real həyatda lazım olacaq bacarıqları təmin edən keyfiyyətli təhsil və sosial həyat qazandırıb. Hər il istehsalat müəssisələrinə və ya digər texniki təlimlərə qatılmağımız və praktik biliyə malik olan professorlarımızın, mühəndis müəllimlərimizin bizə verdiyi təhsil mənim mühəndis kimi erkən və uğurlu fəaliyyətimə böyük təsir edib. Texniki bilikdən əlavə BANM-də sosial bacarıqlarımı və zəif cəhətlərimi tanıyıb, onları inkişaf etdirməyi öyrənmişəm.
- Uğurlu məzun olmağın sirri nədir?
- Əsas gördüyün işi sevərək görmək və qarşına məqsəd qoyub onun arxasınca getməkdir. Əgər aydın məqsəd yoxdursa, dayanmadan müxtəlif sahələri və bacarıqları araşdırmaq və nəhayət hansısa maraq dairəsinə yiyələnmək lazımdır. Bundan sonra da daim öz üzərində işləməlisən.
- Gənclərə tövsiyəniz nədir?
- Sizə verilən fürsətləri dəyərləndirin, etdiyiniz səhvlərdən dərs çıxarın. Tez-tez istirahət də edin, enerji yığın və hər bir işi sevərək edin. Öyrənin və öyrəndiyinizi digərləri ilə bölüşüb möhkəmləndirin.
- Vyetnamda işləmək və yaşamaqla bağlı təəssüratlarınızı öyrənmək istərdik.
- Vyetnamda işləmək maraqlı və eyni zamanda da məsuliyyət tələb edən təcrübədir. Hazırda işlədiyim "Technip"in Vyetnam layihəsində vyetnamlılarla yanaşı dünyanın hər qitəsindən olan təcrübəli mütəxəssislər var. Hər bir təcrübəli mütəxəssisdən yeni bilik öyrənib tətbiq edirəm. Hazırda qaldığım şəhərdə Bakı (Ba Cu) küçəsi adlanan küçə var. Eləcə də Bakıda Xətai rayonunda Vunq Tau adlanan küçə mövcuddur. Bu, keçən əsrdə Azərbaycan və Vyetnam neftçi mühəndisləri arasındakı yaxın əməkdaşlığa əsaslanır.