Xəbərlər

Riqa Texniki Universitetinin nümayəndələri Bakı Ali Neft Məktəbində

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Latviyanın Riqa Texniki Universitetinin  Beynəlxalq əməkdaşlıq və tədqiqatlar üzrə prorektoru İqors Tipans və Beynəlxalq əməkdaşlıq və tədqiqatlar departamentinin direktor müavini xanım Zane Purlaura-Porina ilə görüş keçirilib.

Qonaqlar əvvəlcə BANM-in kampusu, buradakı laboratoriyalar ilə tanış olub, Ali Məktəbdəki şəraiti yüksək qiymətləndiriblər.

Qonaqları Ali Məktəbdə görməkdən məmnunluğunu ifadə edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Ali Məktəb barədə ətraflı məlumat verib. O bildirib ki, SOCAR-ın strukturunda yaradılan BANM ingilisdilli, yüksəkixtisaslı peşəkar mütəxəssislər hazırlayır. Rektor Bakı Ali Neft Məktəbinin bir sıra xarici universitetlərlə səmərəli əməkdaşlıq etdiyini və Riqa Texniki Universiteti ilə də əməkdaşlıq qurulmasının faydalı olacağını vurğulayıb.

Bakı Ali Neft Məktəbinin kafedra müdirləri, professor-müəllim heyəti ilə görüşdə müvafiq ixtisaslar üzrə əməkdaşlıq imkanları, müəllim və tələbələrin mübadiləsi, Erasmus+ çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Hər iki tərəf əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib və bu əməkdaşlığın qarşılıqlı fayda gətirəcəyindən bəhs ediblər.