Xəbərlər

SOCAR-ın Bakı Ali Neft Məktəbinin məzun-müəllimi: “Məzunu olduğum universitetdə müəllim kimi çalışmaq böyük qürurdur ”

Aydın Nəsirzadə 2014-cü ildə 690 balla Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına qəbul olub. Prezident təqaüdünə layiq görülüb. 2019-cu ildə BANM-in məzunu olan Aydın təhsilini İtaliyanın ən qabaqcıl mühəndislik universiteti olan Milan Politexnik Universitetində Avtomatlaşdırma və idarəetmə mühəndisliyi ixtisası üzrə magistratura səviyyəsində davam etdirib. Xaricdə təhsilini başa vurduqdan sonra Vətənə qayıdıb. Aydın Nəsirzadə elə məzun olduğu doğma Ali Məktəbdə müəllim kimi fəaliyyətə başlayıb. BANM-in məzunu və müəllimi təəssüratlarını bölüşüb:

 

- Məzunu olduğunuz Bakı Ali Neft Məktəbində müəllim kimi fəaliyyətə necə başladınız?

- Xaricdə təhsilimi başa vurduqdan sonra Azərbaycana qayıtdım. BANM-in rektoru Elmar Qasımov tərəfindən Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasında müəllim kimi işləmək təklifi aldım. Məzunu olduğum universitetdə tədrislə məşğul olmaq mənə şərəfdir. Bu məsələ ilə bağlı Elmar müəllimin xüsusi qayğısının şahidi olmuşam. Ali Məktəbin gənc məzunları burada müəllim kimi fəaliyyət göstərirlər. Bu ənənəni Milan Politexnik Universitetində də gördüm. Yaşlı professorlarımın elə həmin təhsil ocağının illər əvvəlki məzunları olduğunu görmək məni çox cəlb etmişdi.

 

- Xaricdə təhsil almaq şansınız necə yarandı?

- Bakalavr pilləsinin son ilində məqsədim Milan Politexnik Universitetində təhsil almaq idi. Çünki artıq bir neçə il bu universitet mühəndislik və texniki fənlər üzrə dünyanın 13-cü, Avropanın isə 6-cı ən yaxşı universiteti seçilib. BANM-in mənə verdiyi bilik və bacarıqlara görə ora qəbul olmağı bacardım. Həmin il Azərbaycan Respublikası Gənclər Fondu gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi üzrə müsabiqə elan etdi. Bu müsabiqənin qaliblərindən biri oldum və tam təqaüdə layiq görüldüm.

 

- BANM-in məzunu olmaq və BANM-in müəllimi olmaq, bu barədə təəssüratlarınız nədir?

- BANM bu gün ölkəmizdə bir brenddir. BANM-in tələbə və məzunları bir neçə milli və beynəlxalq şirkətdə istehsalat təcrübəsində olmaq imkanı əldə edirlər. Tələbəlik illərimdə laboratoriyalardan saatlarla çalışmağımız, imtahana hazırlaşmaq üçün axşama qədər keçirdiyimiz müzakirələri, kurrikulumdan kənar məşğuliyyətlər, iştirak etdiyimiz yarışlar unudulmaz təcrübələrdəndir. Məzunu olduğum universitetdə müəllim kimi fəaliyyət göstərmək isə mənim üçün böyük qürurdur. Eyni zamanda bu böyük məsuliyyəti də dərk edirəm. Ümid edirəm, mənə olan etimadı doğruldacağam.

 

- BANM sizə nə qazandırıb?

- BANM ailəsi ikinci ailəmdir. Buraya ayaq basdığınız ilk gündən bu ailənin üzvüsünüz. Şad və çətin günlərdə həm qrup yoldaşlarınızın, həm müəllimlərin, həm də rektor və əməkdaşların sizi tək qoymadığını görəndə buna əmin olursunuz. Məzun olandan sonra da bu dəyər qorunur. Ən gözəl dostluqlarımız da məhz buradan başlayır. Bunlar BANM-in mənə qazandırdıqlarının yalnız bir hissəsidir.