Xəbərlər
“Türkiye Petrolleri Offshore Technology Center” şirkətinin nümayəndələri Bakı Ali Neft Məktəbində
“Türkiye Petrolleri Offshore Technology Center” (TP-OTC) şirkətinin baş direktorunun müavini Habil Öztürkün rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbində (BANM) olub.
Əməkdaşlıq imkanlarının müzakirə olunduğu görüşdə BANM-in ümumi işlər üzrə prorektoru Babək Məmmədov qonaqları salamlayaraq Ali Məktəbin tarixi, nailiyyətləri, beynəlxalq əlaqələrindən bəhs edib.
BANM-in Mühəndislik fakültəsinin dekanı Sevda Zərgərova, Neft-qaz mühəndisliyi kafedrasının müdiri Samirə Musayeva və kafedranın müəllimləri tədris prosesi, həyata keçirilən proqramlar barədə danışıb, şirkət nümayəndələrinə təkliflərini verib, təcrübələrini bölüşüblər.
TP-OTC şirkətinin baş direktorunun müavini Habil Öztürk şirkətin fəaliyyəti barədə məlumat verərək bildirib ki, mütəxəssis hazırlığında BANM-in təcrübəsindən yararlanmaq niyyətindədirlər.
Tərəflər arasında qarşılıqlı əməkdaşlığın istiqamətləri, inkişaf perspektivləri müzakirə edilib. Sonra nümayəndə heyəti BANM-in kampusunu gəzib, laboratoriyalarla tanış olub.