Xəbərlər
Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd Əhməd Hamel Alqubaisi BANM-də olub
Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əhməd Hamel Alqubaisi Bakı Ali Neft Məktəbində (BANM) olub.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov səfir Məhəmməd Əhməd Hamel Alqubaisini salamlayaraq, onu Ali Məktəbdə görməkdən məmnunluğunu bildirib. Rektor Elmar Qasımov qonağa BANM-in yaranma tarixi, tələbə qəbulu prosesi, təhsil ocağının əsas hədəfləri haqqında danışıb. Elmar Qasımov Bakı Ali Neft Məktəbinin SOCAR-ın strukturu olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə yaradıldığını vurğulayıb. O, bildirib ki, Ali Məktəbin əsas məqsədi neft və kimya sənayesi üçün yüksək ixtisaslı peşəkar kadrların hazırlanmasıdır. BANM-in dövlət ali təhsil müəssisəsi olduğunu diqqətə çatdıran rektor burada təhsilin ingilis dilində olduğunu deyib. Elmar Qasımov ən yüksək göstəricilərə malik tələbələrin məhz BANM-i seçdiklərini bildirərək Ali Məktəbin hər il Prezident təqaüdçülərinin sayının artdığını vurğulayıb. O, BANM-in beynəlxalq əlaqələrindən söz açaraq, bu istiqamətdə görülmüş işlər haqqında səfirə geniş məlumat verib. Elmar Qasımov vurğulayıb ki, gənc ali təhsil müəssisəsi olmasına baxmayaraq, BANM dünyanın bir çox aparıcı ali təhsil ocaqları arasında müsbət imic formalaşdıra bilib, nəticədə, onlar da Ali Məktəblə qarşılıqlı əlaqələrin qurulmasında maraqlarını nümayiş etdiriblər. Elmar Qasımov BANM-in Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlığından söz açaraq, BANM-də tədrisin Heriot-Vatt Universitetinin kurrikulumları əsasında həyata keçirildiyini deyib. BANM-in yeni kampusu haqda danışan rektor E.Qasımov ilin sonuna qədər bütün işlərin yekunlaşacağını və bununla da nəinki ölkəmizdə, Qafqazda ən böyük kampusun məhz BANM-in kampusu olacağını qonağın diqqətinə çatdırıb. Bununla yanaşı, rektor BANM-in tələbələrinin həm nəzəri, həm də təcrübi biliklərini möhkəmləndirmək üçün SOCAR-da və beynəlxalq şirkətlərdə istehsalat təcrübəsi keçdiklərini qeyd edib. O, Abu-Dabi Neft İnstitutu ilə BANM arasında əməkdaşlığın yaradılmasında maraqlı olduğunu bildirib. Elmar Qasımov səfirə bir daha yeni təyinatındakı fəaliyyətində uğurlar arzulayıb.
Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əhməd Hamel Alqubaisi Bakı Ali Neft Məktəbinə gəlişindən məmnunluq hissi keçirdiyini deyib. O, Azərbaycanda ingilis dilində tədris həyata keçirən, müasir tipli Ali Məktəbin yaradılmasının vaxtında həyata keçirilən çox önəmli bir layihə olduğunu vurğulayıb. Səfir Abu-Dabi Neft İnstitutu ilə BANM arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması üçün lazımi tədbirlərin həyata keçirilməsinə dəstək verməyə hazır olduğunu bildirib.
Görüşdə, eyni zamanda, ikitərəfli əlaqələrin qurulması, qarşılıqlı əməkdaşlıq perspektivləri, o cümlədən universitetlərarası mübadilə proqramının həyata keçirilməsi və maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.