Xəbərlər

Rektor Elmar Qasımov professor Rəna Mustafayevanı təbrik etdi

    Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov “Ali təhsildən sonrakı təhsil (doktorantura)” şöbəsinin rəisi, professor Rəna Mustafayevanı yubileyi münasibətilə təbrik etdi. Rektor Elmar Qasımov Ali Məktəbin bütün kollektivi adından Rəna Mustafayevaya öz xoş və səmimi arzularını bildirdi. Rektor Rəna Mustafayevanın kimya elminin inkişafındakı xidmətlərindən söz açaraq, Azərbaycanda qadınların elm, təhsil və ictimai həyatda aktiv iştirakını dəstəklədiyini bildirdi. Professor Rəna Mustafayevanı həm ziyalı alim, həm də Azərbaycan qadını kimi xarakterizə edən Elmar Qasımov onun şəxsiyyət kimi yetişməsində atasının fəaliyyətindən söz açdı. R. Mustafayevanın atası Mehti Mustafayevin II Dünya müharibəsinin çətin vaxtlarında yüksək rəhbər vəzifə tutaraq, fədakar fəaliyyətinə görə o dövrün ali mükafatlarından hesab olunan “Sosialist Əməyi Qəhrəmanı” fəxri adı ilə təltif olunduğunu xatırlatdı. Elmar Qasımov ziyalı, alim, əsl Azərbaycan qadınına məxsus xüsusiyyətləri özündə cəmləşdirən professor Rəna Mustafayevaya həm elmi fəaliyyətində, həm BANM-dəki iş fəaliyyətində uğurlar arzuladı.

 

Qeyd edək ki, Bakı Ali Neft Məktəbinin "Ali təhsildən sonrakı təhsil(doktorantura)" şöbəsinin rəisi, kimya elmləri doktoru, professor Rəna Mustafayeva 1955-ci ildə Bakı şəhərində anadan olub. O, 1977-ci ildə Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirdikdən sonra indiki «Olefin Elmi-Tədqiqat və İstehsalat Mərkəzi» ASC-də əmək fəaliyyətinə başlayıb. Uzun illər mühəndis, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışıb. 1995-1997-ci illərdə Respublika İncəsənət Gimnaziyasında kimya müəllimi, 1997-2013-cü illərdə isə Azərbaycan Tibb Universitetinin «Ümumi və toksikoloji kimya» kafedrasında assistent, dosent və professor vəzifələrində çalışıb. Bu illər ərzində apardığı elmi-tədqiqatlar nəticəsində və gərgin əməyi sayəsində kimya elmləri doktoru elmi dərəcəsi, professor elmi adı alıb. 2013-cü ilin sentyabr ayından BANM-də “Ali təhsildən sonrakı təhsil (doktorantura)” şöbəsinin rəisi vəzifəsinə təyin olunub və hazırda həmin şöbənin rəhbəridir.