Xəbərlər

Bakı Ali Neft Məktəbinin Erasmus+ və Beynəlxalq proqramlar ofisi 3 yaşında

Bakı Ali Neft Məktəbinin Erasmus+ və Beynəlxalq proqramlar ofisinin yaradılmasının üç ili tamam olur. Bu illər ərzində həyata keçirilən işlər, gələcək hədəflər və proqram çərçivəsində əməkdaşların səfərləri barədə hesabat tədbiri keçirilib.

BANM-in rektoru Elmar Qasımov çıxış edərək Ofisin fəaliyyətinə uğurlar arzulayıb. Rektor qeyd edib ki, Azərbaycan universitetləri arasında ilk və yeganə Erasmus+ ofisi olan BANM-in Erasmus+ və Beynəlxalq Proqramlar Ofisi ötən müddətdə uğurla fəaliyyət göstərib. Elmar Qasımov bundan sonra daha böyük hədəflərə nail olunacağına əminliyini ifadə edib, tövsiyələrini verib.

Erasmus+ Beynəlxalq Proqramlar Ofisinin rəhbəri Humay Azayeva ofisin fəaliyyətindən, həyata keçirilən işlərdən danışıb. O vurğulayıb ki, Erasmus+ proqramının KA171 mübadilə və KA2 Ali təhsildə potensialın qurulması layihələri çərçivəsində hər il müxtəlif ölkələrə əməkdaşların səfərləri təşkil edilib, ofis müxtəlif mübadilə proqramlarına qoşulub, tələbə mübadilələri həyata keçirilib.

Sonra Erasmus+ proqramı çərçivəsində 2021/2022-ci akademik təqvim ili ərzində Türkiyə, Bolqarıstan, İtaliya və Portuqaliya, Fransa, Yunanıstan, Danimarka, İspaniya və digər ölkələrə səfər etmiş əməkdaşlar təqdimatlar edib, səfərlərin faydalarından bəhs ediblər.

#SOCAR #BANM #BHOS #ERASMUS