Xəbərlər

II qrupun birincisi Bakı Ali Neft Məktəbini seçdi

Aysel Abasova II qrup üzrə qəbul imtahanında ən yüksək nəticə göstərən abituriyentdir. O, buraxılış imtahanında 295, qəbul imtahanında 387.5, olmaqla ümumilikdə 682.5 bal toplayıb. II qrupun lideri Bakı şəhəri Xətai rayonu 24 nömrəli tam orta məktəbi Fərqlənmə attestatı ilə bitirib. Aysel Abasova Bakı Ali Neft Məktəbini (BANM) seçib: “İmtahanlar yekunlaşdıqdan sonra universitetlərlə yaxından tanış olmağa başladım. Mənim üçün ən düzgün seçimin Bakı Ali Neft Məktəbi olacağına qərar verdim. BANM məni xəyallarıma çatdıracaq ali məktəbdir. Bakı Ali Neft Məktəbi özünü hərtərəfli inkişaf etdirmək istəyən tələbə üçün ideal universitetdir”.

O, yüksək bal toplamağı qarşısına məqsəd qoyub, bunun üçün sistemli və planlı formada dərsləri ilə məşğul olub. II qrupun lideri uğurlu abituriyent olmaq üçün şagirdlərə tövsiyə edir ki, heç vaxt mübarizə aparmaqdan qorxmasınlar: “Gün ərzində hansı dərslərlə məşğul olacağımı bir gün əvvəldən planlaşdırırdım. Mütəmadi olaraq istirahət edir, dərsdən əlavə fəaliyyətlərə az da olsa vaxt ayırırdım. Uğurlu olmağımda ailəm, müəllimlərim və dostlarım mənə çox dəstək oldular. Yüksək bal toplamaq istəyən şagirdlərə orta məktəbdə bütün fənləri yaxşı oxumağı, ixtisas fənlərinə isə daha çox vaxt ayırmağı məsləhət görürəm. Dərslərini ciddi oxumaqla yanaşı, istirahətinə də vaxt ayırsın, məsuliyyətli və nizamlı olaraq dərslərinə hazırlaşsınlar”.

Aysel Abasova İctimai telekanalda yayımlanan “Əlaçı” verilişində iki dəfə iştirak edərək final mərhələsinə yüksəlib. O, informatika, tarix, coğrafiya fənləri üzrə Respublika fənn olimpiadaları, müxtəlif şeir müsabiqələri və digər intellektual oyunlarda, layihələrdə iştirak edib.

#BANM #BHOS #IIqrup #birinci #biznesinidarəedilməsi