Xəbərlər

Bakı Ali Neft Məktəbi yüksək bal toplayan daha bir abituriyentin seçimidir

Aysel Ələsgərova I ixtisas qrupu üzrə keçirilən imtahanda (blok imtahanı) maksimal nəticə - 400 bal toplayan abituriyentlərdən biridir. O, Sumqayıt şəhəri Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyinin (TTEL) məzunudur.

Ümumilikdə 657.8 bal toplayan Aysel Ələsgərova da digər yüksək bal toplayan abituriyentlər kimi Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi olmağı qarşısına məqsəd qoyub: “Hədəfim imtahandan 650 balı keçmək və ən prestijli ali məktəblərdən biri olan Bakı Ali Neft Məktəbində təhsil haqqı qazanmaq olub. BANM-in təcrübə proqramları, keçirilən tədrisin yüksək səviyyədə olması xüsusilə, tədrisin ingilis dilində keçirilməsi və məzun olduqdan sonra yaranan iş imkanları məni bu Ali Məktəbin tələbəsi olmağa həvəsləndirdi. Buna görə də ən düzgün seçimin BANM olduğunu düşünürəm”.

Uğurlu abituriyent yüksək bal toplamaq istəyən şagirdlərə qəbul imtahanına hazırlaşarkən sistemli şəkildə çalışmalarını məsləhət görür: “400 bal yığmağı özümə məqsəd qoydum və buna da nail oldum. Eyni zamanda dostlarımla da vaxt keçirirdim. Müəllimlərim və valideynlərimin bu uğuru əldə edəcəyimə inamları tam idi. Abituriyentlərə məsləhətim odur ki, dərs oxumaqla yanaşı sosial həyatlarına da zaman ayırsınlar.Bu cür çalışmağın daha effektiv və uğurlu olacağını düşünürəm”.

#BANM #BHOS #SOCAR #abituriyent #DIM #imtahan