Xəbərlər

Bu, əvəzolunmaz və faydalı bir təcrübə idi

Bakı Ali Neft Məktəbinin (BANM) "Kimya mühəndisliyi" ixtisası üzrə təhsil alan 10 tələbəsi bu ilin yayında Türkiyədə iki qrup üzrə yay istehsalat təcrübəsi keçiblər. Belə ki, 3-cü kursda təhsil alan 5 nəfər tələbə 1-24 iyul tarixlərində, digər 5 nəfər tələbə isə, 27 iyul-14 avqust tarixlərində Türkiyənin İzmir şəhərində “Petkim” şirkətinin müəssisələrində təşkil olunan istehsalat təcrübəsində olublar. Azərbaycanın ali məktəbləri içərisində ilk dəfə olaraq Bakı Ali Neft Məktəbi öz tələbələrini xaricə istehsalat təcrübəsinə göndərib. Öndə gedən ali təhsil müəssisəsi olan Bakı Ali Neft Məktəbi daim öz tələbələrinin gələcək karyera imkanlarına böyük əhəmiyyət verir. BANM tələbələri təhsil aldıqları müddətdə həm yerli, həm də beynəlxalq transmilli şirkətlərdə təcrübə keçirlər. Tələbələr 25 gün ərzində nəhəng obyekt olan SOCAR-ın "Petkim" şirkətinin müəssisələrində tikinti-quraşdırma və tamamlama işləri və müxtəlif təyinatlı texnoloji qurğuların işi ilə yaxından tanış olublar. Təcrübənin sonunda BANM-in tələbələrinə “Petkim” şirkəti tərəfindən sertifikatlar təqdim olunub. “Petkim” şirkətində təcrübə keçmiş tələbələrin qrup rəhbərləri olan tələbələrlə - BANM-in "Kimya mühəndisliyi" ixtisası üzrə artıq 4-cü kurs tələbələri olan Əhməd Qələndərli və Amail Məmmədova ilə söhbətləşdik.

 

Necə oldu ki, tələbələr içərisindən Türkiyənin İzmir şəhərində yerləşən “Petkim” şirkətində təcrübə üçün seçildiniz? Seçim necə aparıldı?

Əhməd Qələndərli - Seçim əsas 2 kateqoriya üzrə aparıldı: illik imtahan nəticələri və sosial aktivlik. İllik qiymətlərim yüksək olduğuna və elmi konfranslarda iştirak etdiyimə görə mən də bu təcrübəyə gedəcək tələbələrdən biri oldum. Elmi konfranslardan əlavə, bir çox təşkilatlarda da (TGT, SPE və s.) aktiv olduğum üçün təcrübə rəhbəri də seçildim.

Amail Məmmədova - Tədris ili ərzində BANM-in rəhbərliyi qeyd etmişdi ki, yekun ortalama balı yüksək olacaq on tələbə yay təcrübə proqramını Türkiyənin İzmir şəhərində yerləşən “Petkim” şirkətində keçmək şansı əldə edəcəklər. Beləliklə, illik yekun qiymətlər bəlli olduqdan sonra ən yüksək orta balı olan və “Kimya mühəndisliyi” ixtisasında təhsil alan on tələbəmiz bu şansı qazandı. Mən də bu tələbələr sırasında olduğum xəbərini eşidəndə çox sevinmişdim.

 

"Petkim" şirkətinə təcrübəyə yollanacağınızı eşidəndə hansı hisslər keçirdiniz? Bundan öncə ölkədən kənarda olmuşdunuzmu?

Əhməd Qələndərli - Sözsüz kü, beynəlxalq təcrübə keçəcəyimi biləndə üzərimdə böyük məsuliyyət hiss elədim. Heç bir səhvə yol verməməli olduğumuzu düşünürdüm və bir az həyəcanlıydım. Öz Ali Məktəbimizi başqa ölkədə təmsil edəcəyim hissi məni çox sevindirirdi. Əvvəllər Rusiyada yaşamışam, amma oradan gəldikdən sonra xaricdə olmamışam.

Amail Məmmədova – "Petkim"ə yollanmamışdan öncə çox həyəcanlı idim, çünki bu mənim yalnız “Petkim”ə deyil, eləcə də İzmirə olan ilk səfərim idi. Həmçinin, qrup lideri seçilməyim mənim məsuliyyətimi daha da artırırdı.

 

Orada necə qarşılandınız?

Əhməd Qələndərli - Bizə olan münasibətdən çox razı qaldıq. Qalmağımız üçün bizə “A” klass otaqlar verdilər. Bakı Ali Neft Məktəbinin tələbələrinə münasibət həqiqətən də seçilirdi. Məsələn, bir necə dəfə bizə sürücü ayırdılar ki, şəhəri gəzək.

Amail Məmmədova - Bizi İzmirdə səmimi və gülərüz qarşıladılar. Orada biz özümüzü öz Vətənimizdəki kimi hiss edirdik, belə ki, qaldığımız yer, yeməklər, dərslər və dərsdən kənar gəzintilər çox yüksək səviyyədə təşkil olunmuşdu. Onların bizim tələbələr, Ali Məktəbimizə göstərdikləri sevgi və dəyər bizi çox sevindirir və həvəsləndirirdi.

 

Nələri öyrəndiniz və bu təcrübə sizə nə verdi?

Əhməd Qələndərli - Neftdən bir çox kimyəvi maddələrin alınma üsülunu oyrəndik. 15 əsas fabrikin hamısında olduq və bunlardan əlavə 8 köməkçi qurğulara da getdik. SOCAR-ın yeni layihəsi olan STAR Project ilə də tanış olduq.

Amail Məmmədova - Yalniz mən deyil, bütün komanda üzvlərimiz üçün təcrübə o qədər yadda qalan və maraqlı oldu ki, təcrübənin sonunda onun bitməsini istəmirdik. Biz orada zavodlarda olduq və təcrübə müddətinə görə gün ərzində bir və ya iki zavoda yollanırdıq. Bu müddət ərzində biz istehsal prosesi ilə yaxından tanış olduq, hər bir qurğunun işləmə prinsipləri, quruluşu, orada tətbiq edilən prosedurlar, xam maddələr, əsas və əlavə məhsullar haqqında məlumatlar əldə etdik və beləliklə, tədris ili ərzində qazandığımız biliklərin təcrübədə necə tətbiq olunduğunu əyani şəkildə izlədik. Bu proqram yalnız ixtisas biliklərimizi dərinləşdirmək üçün deyil, həmçinin araşdırma aparmaq, komanda şəklində işləmək və problemləri optimal şəkildə həll etmək, ünsiyyət qurmaq, yeni mühitə asan şəkildə uyğunlaşmaq kimi bacarıqlarımızı və liderlik qabiliyyətimizi inkişaf etdirmək üçün əvəzolunmaz, faydalı bir təcrübə idi.

 

Təcrübə müddətində həm Türkiyə, həm olduğunuz bölgə, həm də "Petkim" haqda hansı təəssüratlarınız var ?

Əhməd Qələndərli - Ətraf binaların hamısında ilk gözə çarpan bayraqların sayı oldu. İnsanlar öz evlərinin eyvanlarından bayraqlarını asırlar. Ümumiyyətlə, şəhər özü çox yaşıl şəhərdir. SOCAR-ın ” Petkim” kimi boyük neft şirkətinin fəaliyyət göstərməsinə baxmayaraq, ətraf mühit çox təmiz və yaşıldır.

Amail Məmmədova - Ümumilikdə, bu təcrübə savadımızı artırmaqla yanası , dünya görüşümüzü ve şəxsi keyfiyyətlərimizi də inkişaf etdirmək üçün önəmli oldu. Çünki SOCAR-ın “Petkim” şirkəti Türkiyədə yerləşən ən böyük kimya komplekslərindən biri olub bu günkü tələbatı ödəyəcək kimyəvi məhsulların istehsalında ixtisaslaşmış və öndə gedən şirkətdir. Həmçinin, bu təcrübə tələbələrə SOCAR-ın xarici ölkələrdəki fəaliyyəti ilə bağlı yaxından tanış olmağa, oradakı gənc əməkdaşlarımızla ünsiyyət qurmağa, ixtisasımızla bağlı biliklərimizi genişləndirməyə və dünyagörüşümüzü artırmağa kömək etdi.