Xəbərlər
Azərbaycanlı alim BANM-də işləmək üçün Vətənə döndü
Uzun müddət Azərbaycandan kənarda yaşayan və müxtəlif vaxtlarda Türkiyədə və Almaniyada təhsil alaraq elmi fəaliyyətlə məşğul olan Riyaziyyat üzrə Fəlsəfə Doktoru (PhD) Həbibə Kələntərova Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi kafedrasına dosent vəzifəsinə təyin olunub.
Həbibə Kələntərova Bakıda anadan olub, orta təhsilini Bakıdakı 158 saylı orta məktəbdə, sonra isə Türkiyə Respublikasında davam etdirərək Ankara Yüce Təbiət Elmləri Liseyini bitirib. Həbibə Kələntərova 2002-2005-ci illərdə bakalavr təhsilini Türkiyədə alıb, o, Boğaziçi Universitetinin Riyaziyyat Bölməsini bitirib. Diplom işi iki mərtəbəli elliptik tənliklər üçün maksimum prinsiplərə həsr olunub. 2005-2007-ci illərdə Türkiyənin Koç Universitetinin Riyaziyyat Bölməsində təhsilini davam etdirərək magistraturada oxuyub. Magistraturada iki il tam təqaüdlə təhsil alan Həbibə Kələntərovanın magistr dissertasiyası Newton - Schrödinger tənliklərinin tədqiqinə həsr olunub. O, 2015-ci ilin yanvar ayında Almaniya Federativ Respublikasının Bonn Universitetinin Riyaziyyat Institutunda “Kadomtsev – Petviaşvili II tənliyi üçün local hamarlıq və korrektlik nəticələri” adlı elmi işini uğurla müdafiə edib və Riyaziyyat üzrə Fəlsəfə Doktoru (PhD) alim adını alıb. Doktoranturada oxuduğu dövrdə, o, Almaniya Tədqiqat Fondunun və Almaniya Kollektiv Tədqiqat Mərkəzinin qrantlarını, iki dəfə Oberwolfach Riyaziyyat Mərkəzinin qrantlarını qazanıb.
Həbibə Kələntərova 2015- ci ilin iyul ayından BANM-in Neft-qaz mühəndisliyi kafedrasının dosenti kimi əmək fəaliyyətinə başlayıb.